×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır

Masallı, 25 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 25-də Masallı Rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini işin təşkilatçısı Abbas Abbaszadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində Xocalı soyqırımını əks etdirən fotosərgi ilə tanış olublar.
Anım tədbirində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini işin təşkilatçısı Abbas Abbaszadə çıxışında Xocalı faciəsinin xronikasına nəzər salaraq qeyd edib ki, Xocalı soyqırımı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsidir.
Soyqırımı zamanı ümumilikdə Xocalı şəhərinin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Digər çıxış edənlər də 30 il əvvəl erməni vandallarının Azərbaycanın Xocalı şəhərində həyata keçirdiyi vəhşiliyi pisləyərək, beynəlxalq təşkilatlardan bu faciəni törədənlərin cəzalandırılmasını tələb ediblər.

Regionlar 2022-02-25 18:51:00