×
A
A
A
Sazlamalar

Naftalanda Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan silsilə tədbirlər davam edir

Gəncə, 25 fevral, Elcan Məmmədov, AZƏRTAC

Naftalan şəhərinin idarə və müəssisələrində Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilən silsilə tədbirlər keçirilib.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən Naftalan şəhər Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı ilə bağlı açıq dərs keçirilib. Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədilib. Ümumilikdə şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub. İndiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.
Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə “Xocalı faciəsi – qan yaddaşımız” mövzusunda şeir müsabiqəsi də keçirilib. Qaliblərə Naftalan şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomlar və hədiyyələr təqdim edilib.
Məktəblərin foyesində şagirdlərin “Əsrin faciəsi”, “Xocalı-30”, “Xocalı qan ağlayır” mövzularında rəsm işləri sərgilənib, şagirdlərin Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını əks etdirən “Susdurulmuş şəhərin fəryadı”, “Göynəyən yaram mənim”, “Salam Xocalım” mövzularında təqdimatları dinlənilib. Həmçinin məktəblərdə Xocalı faciəsinə həsr edilmiş xüsusi dərslər keçirilib, məktəblərin divar qəzetləri və bülletenləri faciəni əks etdirən məqalələr və fotoşəkillərlə işıqlandırılıb.
Fiziki məhdudiyyətli şəxslərin və qazilərin iştirakı ilə Naftalan Reabilitasiya Mərkəzində də “Xocalı faciəsi tariximizin qan yaddaşıdır” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində videoçarx nümayiş olunub və Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.
Naftalan şəhər V.Namazov adına Körpələr evi-Uşaq bağçasında Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib, uşaqların ifasında ədəbi-bədii kompozisiya dinlənilib.
Şəhərdə fəaliyyət göstərən digər müəssisə və təşkilatlarda “Xocalı soyqırımı-30 il” mövzusunda tədbirlər davam etdirilir.
Tədbirlər mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunur.

Regionlar 2022-02-25 16:21:00