Bağdad Amreyev: 30 il əvvəl bəşəriyyət ermənilərin mülki azərbaycanlılara qarşı törətdiyi ən qəddar əməllərdən birinin şahidi olub
İstanbul, 25 fevral, AZƏRTAC
Otuz il əvvəl - 1992-ci il fevralın 26-da bəşəriyyət Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi ən qəddar əməllərdən birinin şahidi olub. Erməni silahlı dəstələri tərəfindən aylarla davam edən blokadadan sonra Azərbaycanın Xocalı şəhərinə edilən qeyri-insani hücum nəticəsində böyük qırğın törədilib, 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyevin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı açıqlamasında yer alır.
Həmin gün təkcə şəhərin və onun əhalisinin məhv edilməsinin yox, həm də insanlığa və beynəlxalq ədalətə olan inamın itirilməsinin də ildönümü olduğunu vurğulayan baş katib bildirib: "Biz hələ də əminik ki, bu cinayəti törədənlərin beynəlxalq hüquq qarşısında məsuliyyət daşıması beynəlxalq sülhün gələcəyi üçün nümunəvi addım olacaq. Artıq Azərbaycan Respublikası qardaş Azərbaycan xalqının müdrik rəhbərliyi və iradəsi ilə Qarabağın 30 ilə yaxın işğalına və vəhşicəsinə istismarına son qoyaraq tarixi ədaləti, milli ləyaqəti və ərazi bütövlüyünü bərpa edib.
Türk Dövlətləri Təşkilatı beynəlxalq sülhə və sabitliyə sadiq qalaraq İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni geosiyasi reallıq nəticəsində regionda uzunmüddətli inkişafın bərqərar olmasını dəstəkləyir.
Xocalı qurbanlarının və sağ qalanların xatirəsinin bütün türk dünyasının ortaq acısı olduğunu qeyd edən B.Amreyev deyib: "Bununla da biz TDT olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsinə bir daha dərin ehtiramımızı bildirir, bu anım günündə Azərbaycan hökuməti və xalqı ilə çiyin-çiyinə durmağa davam edirik".
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
İndoneziyada Xocalı şəhidlərinin xatirəsi anılıb
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib VİDEO
Mərakeşdə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir təşkil olunub
Malayziya saytında Xocalı soyqırımı barədə məqalə yerləşdirilib