×
A
A
A
Sazlamalar

İsmayıllıda Xocalı soyqırımına həsr olunan beynəlxalq tədbir keçirilib

İsmayıllı, 25 fevral, AZƏRTAC
İsmayıllıda Heydər Əliyev Mərkəzinin və Almaniya “Türk Tarixi və Mədəniyyətləri” Muzeyinin (Begegnungsstube Medina e.V.) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib. Onlayn konfransda dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan diasporunun üzvləri, alimlər, tarixçilər, yazıçılar, hadisələrin canlı şahidi olmuş Xocalı sakinləri və şəhid ailələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransı açan Almaniya “Türk Tarixi və Mədəniyyətləri” Muzeyinin direktoru Cəmaləddin Özdəmir Xocalı həqiqətləri haqqında ətraflı məlumat verib. Sonra Xocalı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov çıxış edərək Xocalı faciəsinin tanıdılması və təbliği istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər barədə danışıb.
Kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Mehman Abbasov çıxışında Xocalı faciəsinin təbliği istiqamətində Azərbaycan ziyalılarının üzərinə düşən vəzifələr və onların uğurla icrası barədə fikirlərini söyləyib.
Onlayn konfransda, habelə Azərbaycanın xarici dövlətlərdə yaşayan diaspor nümayəndələri, o cümlədən Cənubi Koreyadan Rahil Əhmədova, Rusiyada yaşayan Bahar Xələfova və başqaları çıxış edərək, yaşadıqları ölkələrdə Xocalı həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyətləri barədə geniş məlumat veriblər.
Tədbirdə habelə İsmayıllı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini, tarixçi Nəsimi Teymurov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini, tarixçi Mürvət Əliyev Xocalı hadisələrinin tarixi və səbəbləri haqqında ətraflı danışıblar.
İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Xocalı soyqırımı qurbanlarının və şəhidlərmizin qisasının alınmasından danışıb.
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun bacısı Kəmalə Həşimovanın və Xocalı həqiqətlərini öz yazdıqları kitablarla dünyaya çatdıran yazıçı və alimlərin də iştirak etdikləri onlayn konfransda Xocalı qətliamının canlı şahidləri ermənilərin törətdikləri vəhşiliklər haqqında danışıblar.

Regionlar 2022-02-25 15:39:00