×
A
A
A
Sazlamalar

Xocalıda yarımçıq qalan arzular

Xızı, 25 fevral, Elxan Yusifli, AZƏRTAC

Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq. Bu gün biz qalib xalqın vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində ərazi bütövlüyünün təmin edilməsi və üçrəngli bayrağımızın doğma Qarabağda dalğalanması ilə başa çatdı. Bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanları yerdə qalmadı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Xızı rayon Heydər Əliyev Mərkəzində təşkil edilən "Xocalıda yarımçıq qalan arzular" adlı anım tədbirdə bildirilib.
Xızı rayon Heydər Əliyev Mərkəzinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xızı nümayəndəliyi ilə birgə təşkil etdiyi tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Əzət Qarayeva bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı ilə əlaqədar xüsusi Fərman verib, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlar məlumatlandırılıb. 25 fevral 1997-ci ildə isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Prezident Heydər Əliyev tərəfindən Fərman imzalanıb.
Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.
Tədbirdə Xızı rayon R.İsmayılov adına tam orta məktəbin şagirdlərinin hazırladığı faciə qurbanlarının xatirəsinə həsr olunan “Qan içində çiçəklər” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib, məktəblilərin ifasında şeir və musiqilər səslənib.

Regionlar 2022-02-25 11:32:00