×
A
A
A
Sazlamalar

“Unibank Kommersiya Bankı” istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilib

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin kapital bazarlarında istiqraz buraxılışını qeyd etmək məqsədilə “Açılış Zəngi” mərasimi keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 20 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bakı Fond Birjasının listinq qaydalarına əsasən, market meyker müqaviləsinin bağlanması nəticəsində bu qiymətli kağızlar BFB-nin premium bazar seqmentində listinqə alınır. Market meyker müqaviləsinə əsasən, qiymətli kağızların yüksək likvidliyi və sərbəst tədavülü təmin edilir. BFB-nin premium bazar seqmentinə dövlət qiymətli kağızları, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarəetmə standartlarının tətbiq edildiyi yüksək əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən emitentlərin qiymətli kağızları daxil edilir.
“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbəri Qəribov Tahir qeyd edib ki, istiqrazlardan daxil olan vəsaitlər bank tərəfindən real sektorun maliyyələşdirilməsi ilə yanaşı, müştərilərə mütərəqqi və rəqəmsal xidmətlərin göstərilməsinin daha da genişləndirilməsinə istiqamətləndiriləcək.
Premium bazar seqmenti birjanın ali listinq dərəcəsi olmaqla, şirkətin dayanıqlı maliyyə, mütərəqqi korporativ idarəetmə və şəffaf hesabatlılıq göstəricilərinə malik olmasını nümayiş etdirir. “Unibank” artıq üçüncü istiqrazı fond birjasının ali listinq dərəcəsinə daxil olunan korporativ sektordan ilk yerli emitentdir.

 

Maliyyə 2022-01-27 16:26:00