×
A
A
A
Sazlamalar

Stokholmda Qanlı Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı videokonfrans keçirilib

Stokholm, 21 dekabr, Rauf Əliyev AZƏRTAC

İsveç Azərbaycanlılarının Koordinasiya Şurası, “Odlar Yurdu” İsveç–Azərbaycan Mədəniyyət Dərnəyi və İsveç Azərbaycanlıları Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsi ilə bağlı videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İsveçdə və digər ölkələrdə yaşayan alimlər, ictimai xadimlər və diaspor fəalları iştirak ediblər.
İsveç̧ Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva Söderberq çıxış edərək Qanlı Yanvar hadisələrindən söz açıb, faciənin xalqımızın müstəqillik mübarizəsinin şanlı səhifəsi olduğunu vurğulayıb.
Tarix elmləri namizədi Boran Əziz 1990-cı ildə baş verən hadisələrə tarixi prizmadan nəzər salaraq həmin dövrdə SSRİ rəhbərliyinin Azərbaycan xalqının azadlıq əzmini qırmaq üçün məkrli planlara əl atdığını vurğulayıb. Bildirib ki, bu planlarla istəyinə çata bilməyən imperiya rəhbərliyi xalqımızı qorxutmaq, milli azadlıq mübarizəsini boğmaq üçün yanvarın 20-də Bakıda qanlı qırğın törətdi. Lakin 20 Yanvar hadisələri imperiya rəhbərliyi üçün gözlənilməz nəticələr doğurdu. Azərbaycan xalqı əsl vətənpərvərlik və əzmkarlıq göstərərək ayağa qalxdı və müstəqillik mübarizəsini mətanətlə davam etdirdi. Həmin dəhşətli gecə bir daha göstərdi ki, xalqımızın azadlıq əzmini qırmaq mümkün deyil və nəticədə Azərbaycan çox keçmədən müstəqilliyini bərpa etdi.
Tarixçi alim Qasım Hacıyev 20 Yanvar hadisələri kontekstində azərbaycanlılara qarşı həyata keçirilən siyasətdən danışıb. Bildirib ki, bu siyasətin təməlində ölkəmizə qarşı ərazi iddiaları, xalqımızın tarixi torpaqlarından qovulması planı dayanıb. Ermənistan və ona havadarlıq edən ölkələr bu planı həyata keçirmək üçün azərbaycanlılara qarşı tarix boyu soyqırımı və təxribatlar törədiblər. Lakin daim vətənpərvərlik və fədakarlıq göstərən xalqımız bu çirkin niyyətlərin qarşısını almağı bacarıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni darmadağın edərək əzəli torpaqlarımızı otuz ilə yaxın davam edən işğaldan azad etməklə xalqımızın torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyini bütün dünyaya göstərdi.
Azərbaycanın İsveçdəki səfirliyinin müşaviri Cavanşir Məmmədov çıxışında xalqımızın müstəqillik mübarizəsindən söz açıb, 20 Yanvarın bu prosesdə mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, ölkəmiz illərlə bir çox sahələrdə olduğu kimi, diplomatik müstəvidə də ayrı-seçkilik və ikili standartlarla üzləşib. Ərazilərimizin uzun illər işğalı və digər amillərə baxmayaraq, xalqımız və dövlətimiz böyük əzmkarlıq və həmrəylik nümayiş etdirərək mübarizəni sona qədər davam etdirdi və işğal altındakı torpaqları azad etdi.
Digər çıxış edənlər də 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki yerindən danışıb, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Tədbirdə diaspor fəaliyyətinin gücləndirilməsi ilə bağlı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Siyasət 2022-01-21 21:57:00