×
A
A
A
Sazlamalar

İndoneziya agentlikləri AZƏRTAC-ın xüsusi müxbirinin 20 Yanvar faciəsi haqqında məqaləsini yayıb

Cakarta, 21 yanvar, AZƏRTAC
İndoneziyanın ANTARA Milli İnformasiya və “Miraj” xəbər agentlikləri AZƏRTAC-ın xüsusi müxbir Vüqar Ağayevin 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də yayımlanan “Qanlı “Qara Yanvar” - Azərbaycanın müstəqilliyinin başlanğıc nöqtəsi” adlı məqalədə indoneziyalı oxuculara faciənin tarixi, səbəbləri və nəticələri barədə ətraflı məlumat verilir. Bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinə, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağa iddia edən Ermənistanın təcavüzkar hərəkətlərinin dəstəklənməsinə etiraz olaraq ayağa qalxmış xalqımıza amansız divan tutulub. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan rəhbərliyinin apardığı etnik təmizləmə siyasəti nəticəsində bu dövlətin ərazisində yaşayan yüz minlərlə azərbaycanlı öz ata-baba torpaqlarından didərgin salınıb.
Yazıda Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılmış təxribatlar haqqında da bəhs edilib. Xalqımızın bu təxribatlarla bağlı haqlı etirazının qarşısının alınması məqsədilə 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordusunun Azərbaycanın müxtəlif şəhərlərində mülki əhaliyə atəş açdığı bildirilir. Qeyd edilib ki, bu amansız qırğına baxmayaraq, imperiya rəhbərliyinin mübariz Azərbaycan xalqını müstəqilliyə gedən yoldan döndərməyə gücü çatmayıb.
Ümumilikdə 147 nəfərin şəhid olduğu, yüzlərlə insanın yaralandığı bu qanlı faciə ilə bağlı ətraflı məlumatların əks olunduğu məqalədə 32 il bundan öncə baş vermiş hadisələrin “Qara Yanvar faciəsi” adlandırılmasına baxmayaraq, həmin tarixin Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin şanlı səhifələrindən biri olduğu qeyd edilib.
Məqalədə xüsusi vurğulanıb ki, 20 Yanvar şəhidlərinin uğrunda canlarını verdiyi amallar Azərbaycan xalqının mərdliyi, mübarizliyi nəticəsində artıq reallığa çevrilib. Azərbaycanda nəinki müstəqil dövlət bərpa olunub, həmçinin rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan torpaqlarımızı azad edib. Artıq bir ildir ki, həmin ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük bərpa və quruculuq işləri görünməmiş sürətlə davam etdirilir. Bu, azadlıq və ərazilərin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ən layiqli hədiyyədir.
Məqalədə qeyd edilib ki, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından illər ötməsinə baxmayaraq, şəhidlərimiz heç vaxt unudulmur. Hər il yanvarın 20-də Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur və ölkəmizin bütün bölgələrindən insanlar şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışırlar.

AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

Qan yaddaşı 2022-01-21 08:36:00