×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Yevlaxda dərin hüznlə yad edilib

Yevlax, 20 yanvar, AZƏRTAC

20 Yanvar faciəsi qurbanlarının xatirəsi respublikamızın bütün bölgələrində olduğu kimi, Yevlax rayonunda da dərin hüznlə anılıb. Faciənin 32-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Şəhidlər xiyabanında 20 Yanvar abidəsini və şəhidlərin xatirəsinə ucaldılmış abidəni, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət edərək, önünə gül dəstələri qoyublar. Şəhidlərin ruhlarına dualar oxunub, xatirələri ehtiramla yad edilib. Şəhidlər xiyabanında gün ərzində həzin musiqi səsləndirilib.
Sonra Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinə həsr edilmiş rəsm sərgisi və ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Yevlax Şəhər İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkil etdikləri “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda məktəblilər arasında keçirilmiş inşa və rəsm müsabiqəsinin qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.

Regionlar 2022-01-20 17:07:00