×
A
A
A
Sazlamalar

20 Yanvar həm də azadlığın, müstəqilliyin şərəfli səhifəsidir

Lənkəran, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Mərkəzin direktoru, professor Fərman Quliyev qanlı Yanvar hadisələrinin başvermə səbəblərindən, xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının əyilməz ruhundan danışıb.
Qeyd olunub ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib.
Mərkəzin əməkdaşları Ağamir Cavad, Gözəl Əlizadə və başqaları çıxışlarında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tərkibində erməni əsilli şəxslərin çoxluq təşkil etdiyi sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədildiyini, günahsız insanların amansızlıqla qətlə yetirildiyini qeyd ediblər.
Diqqətə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də azadlığın, müstəqilliyin şərəfli səhifəsidir.
Sonra mərkəzin əməkdaşları Lənkəran şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlərinin uyuduğu “Şəhidlər xiyabanı” abidə kompleksinin önünə əklillər qoyub, xatirələrini dərin ehtiramla yad ediblər.

Regionlar 2022-01-20 15:36:00