×
A
A
A
Sazlamalar

Türkiyə ilə Ermənistan arasında qarşılıqlı hava əlaqəsi bərpa olunur

İstanbul, 19 yanvar, AZƏRTAC

Fevralın 2-dən etibarən Türkiyə ilə Ermənistan arasında qarşılıqlı təyyarə səfərləri başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Məlumatda bununla bağlı Türkiyə ilə Ermənistan arasında aparılan danışıqların nəticəsi olaraq Mülki Aviasiya Baş İdarəsi tərəfindən Türkiyənin "Pegasus Hava Yolları" şirkətinə İstanbulun Sabiha Gökçen hava limanından Yerevana həftədə üç, Ermənistanın "Fly One Armenia" hava yolu şirkətinə də Yerevan-İstanbul marşrutu üzrə həftədə üç uçuşa icazə verildiyi bildirilir. Əldə edilən razılaşmaya əsasən, ilk uçuşlar fevralın 2-də qarşılıqlı olaraq başlayacaq. "Fly One Armenia" şirkətinə məxsus ilk təyyarə fevralın 2-də Ankara vaxtı ilə saat 19:50-də İstanbul hava limanına enəcək. "Pegasus Hava Yolları" şirkətinə məxsus təyyarə də həmin axşam saat 23:35-də Sabiha Gökçen hava limanından Ermənistan istiqamətində havaya qalxacaq.
Məlumatda yanvarın 24-dən etibarən Ərbil ilə Türkiyə arasında da səfərlərin başlayacağı bildirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-01-19 11:52:00