×
A
A
A
Sazlamalar

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq müstəvisində də Ermənistanı məğlub etdi

Bakı, 8 dekabr, AZƏRTAC

Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin etməsi rəsmi Bakının təqdim etdiyi faktların təkzibolunmaz xarakter daşıdığını deməyə əsas verir. Bu, həm də Ermənistanda Azərbaycana və azərbaycanlılara qarşı aparılan nifrət dolu təbliğatın beynəlxalq müstəvidə də narahatlıq doğurduğunu sübuta yetirir.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəylinin sözlərinə görə, məhkəmənin Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalara və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərarı isə, qənaətimə görə, beynəlxalq müstəvidə rəsmi İrəvana və revanşist qüvvələrə verilən ən önəmli mesajdır. Bu qərar, eyni zamanda, vaxtilə Azərbaycan torpaqlarının işğal edilməsi, azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə aktlarının həyata keçirilməsi, Azərbaycan ərazilərində misli görünməmiş vandalizm aktlarının, həmçinin digər müharibə cinayətlərinin əsas səbəbinin Ermənistanda mövcud olan və uzun illər boyu körüklənən ultramillətçi, aqressiv əhvali-ruhiyyədən qaynaqlandığını ifadə edir. Bu qərar Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən bütün dünyaya erməni millətçiliyinin nə qədər təhlükəli olduğu barədə xəbərdarlığı kimi də qiymətləndirilə bilər.
Siyasi ekspert bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsassız tələblərini, bu xüsusda “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib. Ermənistanın bütün dünyaya “müharibə məhbusu”, “hərbi əsir” kimi təqdim etməyə çalışdığı təxribatçıların müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərində terror aksiyası törətdikləri ölkəmizin təqdim etdiyi faktlar əsasında yüksək beynəlxalq məhkəmə instansiyası tərəfindən də qəbul olunub. Bu isə rəsmi İrəvanın və onun himayəçilərinin qondarma “hərbi əsir” məsələsi üzərindən ölkəmizə qarşı apardığı təbliğatının üstündən xətt çəkib.
“Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına və Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddialarına “yox” deməsi isə bu iddiaların əsassız olması ilə yanaşı, bir çox məqamların da ortaya çıxmasına zəmin yaradır. Bu o deməkdir ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində beynəlxalq humanitar hüququn bütün prinsiplərinə əməl edərək ləyaqətli müharibə aparıb. Hərbi Qənimətlər Parkına isə qəsbkarlığın, insanlıq əleyhinə cinayət törədənlərin son aqibətini nümayiş etdirən məkan, daha çox müharibə cinayətləri, işğalçılıq əleyhinə aparılan əyani təbliğatın bir hissəsi kimi yanaşmaq lazımdır”, - deyə E.Mirzəbəyli diqqətə çatdırıb.
Siyasi ekspert vurğulayıb ki, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidləri, həmçinin bu ümidlərdən doğan planları da boşa çıxdı. Manipulyasiya üçün yer qalmadı…
Ermənistanın iddialarının təmin edilməməsinin əsas səbəbi, istisnasız olaraq, Azərbaycan tərəfinin nümayiş etdirdiyi çeviklik və peşəkarlıqdır. Azərbaycan döyüş meydanında olduğu kimi, hüquq müstəvisində də Ermənistanı məğlub etdi.

Siyasət 2021-12-08 19:40:00