×
A
A
A
Sazlamalar

Şəki Dövlət Yol Polisi Bölməsi maarifləndirmə tədbirlərini gücləndirib

Şəki, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi yeniyetmə və gənclərin yol hərəkəti qaydalarına düzgün əməl etmələri məqsədilə təhsil müəssisələrində “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki nümayəndəliyinin dəstəyi ilə dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq təşkil edilən tədbirdə Şəki Dövlət Yol Polisi Bölməsinin təbliğat-təşviqat işləri üzrə inspektoru, polis baş leytenantı Tural Niftaliyev “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu”, “Nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan idarə edilməsi hallarına yol verilməməsi və nəqliyyat vasitələrinin yetkinlik yaşına çatmayan şəxslər tərəfindən idarə edilməsi hallarının qarşısının alınması” mövzularında çıxış edib. Bildirilib ki, yeniyetmə və gənclərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər gücləndirilib. Aparılan profilaktik tədbirlər müsbət nəticə verib. Belə ki, cari ildə bölmənin xidmət göstərdiyi ərazidə piyadaların yol hərəkəti qaydalarını pozması səbəbindən heç bir yol-nəqliyyat hadisəsi baş verməyib. Eləcə də azyaşlı və yeniyetmələr tərəfindən nəqliyyat vasitələrinin idarə edilərək yol-nəqliyyat hadisəsinin törədilməsi faktı qeydə alınmayıb.
Diskussiya şəraitində keçirilən tədbir zamanı sualların cavablandırılmasında fəallıq göstərdiyi üçün filialın tələbəsi Aytac Əhmədova sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanlara hazırlıq vəsaiti ilə mükafatlandırılıb.

Regionlar 2021-12-07 17:41:00