×
A
A
A
Sazlamalar

“Naxçıvan” Universitetində əcnəbi tələbələr üçün “Beynəlxalq həftə” layihəsinə start verilib

Naxçıvan, 7 dekabr, AZƏRTAC

“Naxçıvan” Universitetində təhsil alan əcnəbi tələbələrə ölkəmizi, onun tarixini, mədəniyyətini, incəsənətini tanıtmaq, eləcə də universitetdə tədris edilən xarici dillərin təbliğini aparmaq məqsədilə “Beynəlxalq həftə”yə start verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ideya müəllifi və təşkilatçısı “Naxçıvan” Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli olan layihənin açılış tədbirində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra çıxış edən universitetin rektoru Nurlana Əliyeva bildirib ki, universitetdə 100-ə yaxın əcnəbi tələbə təhsil alır. Onlar arasında Türkiyə, İran, Hindistan, İndoneziya və Nigeriya Respublikasının vətəndaşları var. “Beynəlxalq həftə” layihəsi mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınan Azərbaycanımızın təbliği, tanıdılması baxımından əhəmiyyətlidir. Universitetdə təhsil alan digər xalqların nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirlər onların tarix və mədəniyyətinin təbliğinə də şərait yaradacaq. Bir sözlə, layihə yerli və əcnəbi tələbələr arasında elmi-mədəni əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcək.
Sonra “Naxçıvan” Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərlinin “Beynəlxalq əlaqələrimiz” mövzusunda təqdimatı nümayiş olunub. Təqdimatda ali təhsil ocağının dünya standartlarına uyğun beynəlxalq profilindən, Avropanın və eyni zamanda Türkiyənin bir sıra universitetləri ilə sıx əməkdaşlıq əlaqələrindən, bir çox beynəlxalq layihələr vasitəsilə apardığı təcrübə mübadiləsindən söhbət açılıb. Vurğulanıb ki, 5 gün ərzində davam edəcək bu layihə universitetin beynəlxalq profili üçün önəm daşıyır.
Tədbirin bədii hissəsi istedadlı tələbələrin çıxışları ilə davam edib.
İran İslam Respublikasından olan tələbələrin ifasında “Heydərbabaya salam” poeması, türkiyəli tələbələrin ifasında türk xalq musiqisi və rəqs nömrələri maraqla qarşılanıb.
Qeyd edək ki, layihənin növbəti günlərində müxtəlif xalqların mədəniyyətini təbliğ edən tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbir ilk olaraq “Türkiyə günü” ilə davam etdiriləcək.

 

Regionlar 2021-12-07 11:21:00