×
A
A
A
Sazlamalar

Olimpiadanın muxtar respublika mərhələsində 47 şagird qalib olub

Naxçıvan, 7 dekabr, AZƏRTAC

Muxtar respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək, muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Nazir bildirib ki, olimpiadaların keçirilməsi xüsusi istedadlı uşaqların üzə çıxarılmasında, şagirdlərdə fənlərə olan marağın artırılmasında, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrində önəmli rol oynayır. Muxtar respublika fənn olimpiadaları şagirdlərin respublika fənn olimpiadalarına hazırlığında mühüm əhəmiyyətə malikdir. Fənn olimpiadalarının yekunlarına görə şagirdlərin əldə etdikləri nəticələr müvafiq fənn müəllimlərinin, eləcə də məktəbin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır.
Rəhman Məmmədov qeyd edib ki, məktəblilərin muxtar respublika fənn olimpiadası iki mərhələdə keçirilib. IX-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə olimpiadanın I şəhər (rayon) mərhələsində 534 şagird öz biliyini sınayıb, onlardan 182-si yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanıb. Nəticələrə əsasən, noyabrın 19-da keçirilən olimpiadanın muxtar respublika mərhələsində, ümumilikdə, 47 şagird qalib olub. Onlardan 12-si I, 17-si II və 18-i III yerləri tutublar.
Təhsil naziri olimpiada qaliblərini təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov çıxış edərək, olimpiadanın keçirilməsinin əhəmiyyəti və təşkilati işlər barədə məlumat verib.
Olimpiadada coğrafiya fənni üzrə I yerin qalibi, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Fidan Muxtarova çıxış edərək onların yaxşı təhsil alması, bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonda qaliblərə diplomlar təqdim olunub.

Regionlar 2021-12-07 10:15:00