×
A
A
A
Sazlamalar

Azərbaycan İnvestisiya Şirkəti və “Balacans Agro Food” arasında investisiya müqaviləsi imzalanıb

Bakı, 6 dekabr, AZƏRTAC

Dövlətimizin başçısının uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə əlverişli işgüzar mühit yaradılıb. Qeyri-neft iqtisadiyyatının davamlı inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər, istehsal və ixrac potensialının artırılması, investisiya qoyuluşunun stimullaşdırılması üçün tətbiq edilən səmərəli mexanizmlər regionlarda da biznesin inkişafına geniş imkanlar açır. Aqrar məhsul istehsalı üstünlük təşkil edən Balakən rayonunda da mövcud iqtisadi potensialdan səmərəli istifadə olunması, sahibkarlığın, ixracyönümlü sahələrin inkişaf etdirilməsi, istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və sair istiqamətlərdə məqsədyönlü tədbirlər həyata keçirilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Balakəndə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ )icraçı direktoru Ülvi Mansurov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və “Balacans Agro Food” MMC-nin Direktorlar Şurasının sədri, Ə.A.Ansuxski adına Balakən Konserv Zavodunun rəhbəri Əbdülqadir Ansuxskinin iştirakı ilə görüş keçirilib. Görüşdə “Balacans Agro Food”un fəaliyyəti barədə məlumat verilib, rayonun aqrar-sənaye potensialının reallaşdırılması, sahibkarlığın inkişafı barədə müzakirə aparılıb.
Qeyd edək ki, “Balacans Agro Food” MMC qida məhsullarının istehsalı, qablaşdırılması (“Azərbaycan Coca-Cola Bottlers LTD” MMC üçün “Cappy” meyvə şirəsi və sair), satışı, meyvə bağları və birillik əkin, soyuducu anbar və enerji içkilərinin qablaşdırılması sahələrində fəaliyyət göstərir. “Balacans Agro Food” MMC və Azərbaycan İnvestisiya Şirkəti arasında investisiya müqaviləsi imzalanıb. Müqaviləyə görə, AİŞ istehsal xətlərinin genişləndirilməsi, müxtəlif salat konservləri, kompot, cem-mürəbbə, meyvəqurutma və sair kimi yeni investisiya istiqamətlərinin reallaşdırılmasını nəzərdə tutan layihədə payçılıq prinsipi ilə iştirak edəcək. Layihənin həyata keçirilməsi üçün tələb olunan investisiya məbləği 4,7 milyon manat təşkil edir. Layihə çərçivəsində 100-dək daimi iş yeri yaradılacaq. Müəssisə fəaliyyət göstərdiyi regionda mövcud aqrar xammal bazasından yararlanaraq istehsal etdiyi məhsulları yerli və xarici bazara çıxaracaq.
İmzalanmadan sonra görüş iştirakçıları “Balacans” MMC-nin fəaliyyəti ilə tanış olublar.

 

Regionlar 2021-12-06 15:49:00