×
A
A
A
Sazlamalar

Vətən müharibəsi şəhidləri Elnur Bağırovun və Məhəmməd Abdullayevin xatirəsi anılıb

Daşkəsən, 6 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Vətən müharibəsi şəhidləri əsgər Elnur Bağırovun və əsgər Məhəmməd Abdullayevin Daşkəsən Şəhidlər xiyabanında keçirilən anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi yad edilib, məzarlarına gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Anım mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qüdrətindən, həmçinin şəhidlərin həyat və döyüş yolundan söz açıb.
Daha sonra Daşkəsən rayonunun Xoşbulaq kəndində Vətən müharibəsi şəhidi Məhəmməd Abdullayevin xatirəsinə tikilmiş bulaq kompleksinin açılışı keçirilib.
Bildirilib ki, Vətən müharibəsi şəhidi əsgər Bağırov Elnur Sahib oğlu 1993-cü il aprelin 16-da Daşkəsən şəhərində anadan olub. O, ixtisasca hərbçi, peşəkar snayperçi olub. Vətən müharibəsində şəxsi igidlik və şücaət göstərən Elnur Bağırov Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O 2020-ci il dekabrın 6-da Daşkəsən Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Elnur Bağırov “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən müharibəsi şəhidi əsgər Abdullayev Məhəmməd Vaqif oğlu 1999-cu il aprelin 19-da Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. Məhəmməd Abdullayev Vətən müharibəsində şəxsi igidlik və şücaət göstərib, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, 2020-ci il dekabrın 6-da Daşkəsən rayonunun Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Məhəmməd Abdullayev hərbi hissə qarşısında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Regionlar 2021-12-06 15:45:00