×
A
A
A
Sazlamalar

Sumqayıtlı gənc könüllülər mükafatlandırılıb

Sumqayıt, 6 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə müxtəlif sahələri təmsil edən gənclər təşkilatlarının nümayəndələri və könüllü gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov ölkəmizdə və şəhərdə aparılan uğurlu dövlət gənclər siyasətindən, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən danışaraq, Sumqayıt şəhərindən də yüzlərlə gənc könüllünün ordu sıralarına qoşulduğunu qeyd edib.
Bildirilib ki, Sumqayıt şəhərində könüllülük fəlsəfəsinin inkişafı gənclər siyasətinin mühüm istiqamətlərindən biri kimi qəbul edilir və “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq gənclərin ictimai fəallığının artırılması və könüllülük fəaliyyətinə cəlb olunması sahəsində ardıcıl işlər həyata keçirilir. Gənclərin könüllülük fəaliyyətinə cəlb olunması onların məşğulluğunun təmin edilməsi, şəxsi inkişafına şəraitin yaradılması, sosial fəaliyyətlərinin artırılması, bilik və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Cari ildə pandemiya ilə əlaqədar həyata keçirilən maarifləndirici aksiyalar şəhərimizin könüllülük hərəkatına öz töhfəsini verir.
Görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndələri, şəhər Təhsil şöbəsinin Gənc Müəllimlər Şurası, Sumqayıt Könüllü Cəmiyyəti, Sumqayıt Gənclər Evi, Sumqayıt Dövlət Texniki Kollecinin Tələbə Gənclər Təşkilatı, Gənclər Klubu və Sumqayıt İntellekt Mərkəzinin 2021-ci il ərzindəki hesabat çıxışları dinlənilib.
Tədbirdə il ərzində fərqlənmiş bir qrup könüllüyə Baş İdarənin fəxri fərmanları təqdim edilib.
Sonda gənclər təşkilatlarının fəaliyyəti, onların qarşılaşdığı problemlərin həlli yolları təhlil edilib, təkliflər dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2021-12-06 14:25:00