×
A
A
A
Sazlamalar

Doktor Fauçi: “Omikron” ştamı yayılmaqdadır, lakin onun insanların sağlamlığına vurduğu zərərin ağırlığı müəyyən edilməyib

Vaşinqton, 6 dekabr, AZƏRTAC

Hazırda koronavirusun “Omikron” variantı dünyanın 40-dan çox ölkəsində, o cümlədən ABŞ-ın 50 ştatından 16-da yayılıb.
AZƏRTAC xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının səhiyyə sahəsinin yüksək vəzifəli məmurlarının sözlərinə görə, onlar “omikron”un artıq xəstəliyə yoluxmuş insanların sağlamlığına təsir edəcəyinin ciddiliyinə əmin deyillər.
ABŞ-ın yoluxucu xəstəliklər üzrə aparıcı eksperti doktor Entoni Fauçi “CNN” telekanalının efirində yayımlanan verilişdə çıxış edərək, bu ştamla bağlı təcrübə toplanmayana qədər ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
ABŞ Prezidenti Co Bayden Afrikanın səkkiz cənub ölkəsindən Ştatlara uçuşlara qadağa qoyub. Belə ki, bazar ertəsindən başlayaraq, ABŞ-a gələn şəxslər əvvəllər olduğu kimi səfərdən 3 gün deyil, bir gün öncə aparılmış COVID-19 testinin neqativ nəticəsini təqdim etməlidirlər.
ABŞ-da bəzi ekspertlər güman edirdilər ki, tezliklə ölkədaxili reyslərdə də testin neqativ nəticələri tələb oluna bilər.
Birləşmiş Ştatlarda “omikron” ştamının sürətlə yayılması ilə bağlı peyvəndlərin sayı birinci mərhələdə artaraq, ötən cümə axşamı 6 ay ərzində maksimuma çatıb. Baxmayaraq ki, vaksinləməyə uyğun 60 milyon insan hələ də peyvəndlənməyib, onlar müxtəlif səbəblərə görə peyvənddən imtina edirlər. “Omikron” variantı əvvəllər daha yoluxucu hesab edilən “delta” ilə müqayisədə ikiqat sürətlə yayılır. Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzinin məlumatına görə, pandemiya başlanandan bəri ABŞ-da 784.000 insan COVID-19-un qurbanına çevrilib. Bu, dünyanın hər hansı ölkəsindəki göstəricidən çoxdur. ABŞ-da təqribən 200 milyon insan tam peyvəndlənmə sistemindən keçib, 45 milyondan çoxu təkrar peyvəndlənib.
AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2021-12-06 12:49:00