×
A
A
A
Sazlamalar

Şabran Xalq Teatrı narkomaniyanın ağır fəsadlarından bəhs edən tamaşa hazırlayıb

Şabran, 3 dekabr, Elxan Yusifli, AZƏRTAC
Şabran Xalq Teatrı narkomaniyanın ağır fəsadlarından bəhs edən “Həyatla oyun” tamaşasını təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşa narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində Şabran rayon Mədəniyyət Mərkəzində rayonun yeniyetmə və gənclərinə nümayiş etdirilib. Rejissoru Cabir Əmrahov olan tamaşa jurnalist-publisist Arzu Soltanın "Xaş-xaşın göz yaşları" əsərinin motivləri əsasında hazırlanıb.
Tamaşada əsas rolları Zəfər Məmmədov (Duman), Nurlan Fərhadlı (Nicat), Günay Xaniyeva (Nazilə), Qulu Mövsümov (Kazım), Şəmistan Zeynallı (balaca Duman) ifa ediblər.
Tamaşanın təqdimatından sonra Şabran Rayon Polis Şöbəsinin əməkdaşı Rauf İsmayılov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin 2021-ci ilin əvvəlindən bu günə kimi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikası qeyd olunub və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.
“Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin vacibliyini qeyd edən natiq gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün bu cür tamaşaların hazırlanmasının vacibliyini vurğulayıb.
Tamaşa yeniyetmə və gənclər tərəfindən maraqla qarşılanıb.

Regionlar 2021-12-03 18:17:00