×
A
A
A
Sazlamalar

Sabirabadda sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

Sabirabad, 3 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad Regional Mədəniyyət İdarəsinin dəstəyi və Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların valideynləri iştirak ediblər.
Çıxış edənlər əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasının təmin olunmasının, eləcə də problemlərinin həllinin sağlam insanların qarşısında duran ən vacib məsələ olduğunu bildiriblər.
Sonra Beynəlxalq Əlillər Gününə həsr olunmuş videoçarx təqdim olunub. Tədbirin bədii hissəsində Sabirabad şəhər Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında musiqi və rəqs nümunələri nümayiş etdirilib. Cizgi film personajları uşaqları əyləndirən rəngarəng çıxışlar təqdim ediblər. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Regionlar 2021-12-03 17:33:00