×
A
A
A
Sazlamalar

AMEA Gəncə Bölməsində Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib

Gəncə, 3 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyəti, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, AMEA-nın akademikləri, Nizamişünas alimlər və xarici qonaqlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Konfrans iştirakçıları AMEA Gəncə Bölməsində təşkil olunan “Nizami Gəncəvi 880” sərgisi ilə tanış olublar. Sərgidə “Nizami Gəncəvi İli” çərçivəsində Gəncə Bölməsində nəşr olunan monoqrafiya və kitablar, müxtəlif xarici ölkələrin dünyaşöhrətli kitabxana və muzeylərində saxlanılan əlyazmalar və miniatürlərin surətləri, Nizami Gəncəvinin ədəbi irsinin tədqiqi və təbliğinə dair məqalələrin nəşr olunduğu jurnallar nümayiş etdirilib.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev elmi-praktik konfransı açıq elan edib, tədbirin əhəmiyyətini vurğulayıb.
Sonra Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi yad olunub.
Akademik İsa Həbibbəyli konfransda çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımızın və mədəniyyətimizin, görkəmli mütəfəkkirlərin tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğının əməli ifadəsidir. Dahi şairin Vətənində təşkil olunmuş elmi-praktik konfrans bunun parlaq təzahürüdür.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlunun Nizami Gəncəvinin həyat və yaradıcılığı, dünya ədəbiyyatındakı yeri və rolu, Nizami Gəncəvi dühasının bəşəriyyətin ədəbi fikir tarixinə töhfələri haqqında məruzələri dinlənilib.
Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçiləri Zəhra Allahverdiyeva, Təhminə Bədəlova və Yelena Teyer, Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvi Binnətova, institutun elmi katibi Aygün Bağırlı, Türk xalqları ədəbiyyatının aparıcı elmi işçisi Xuraman Hümmətova, Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva, Mərkəzin böyük elmi işçisi Əlimuxtar Muxtarov, Mərkəzin elmi işçisi Xəyalə Hüseynova məruzələrlə çıxış ediblər.
Məruzələr ətrafında müzakirələr zamanı çıxış edənlər Prezident İlham Əliyevin Nizami Gəncəvinin 880 illiyi haqqında Sərəncamını dahi şairin şəxsiyyətinə və ədəbi irsinə, azərbaycançılığa ehtiramın ifadəsi kimi dəyərləndiriblər.
Sonra dünyanın görkəmli dövlət xadimləri və tanınmış siyasi liderlərinin Nizami Gəncəvi haqqında fikirlərinin yer aldığı videoçarx nümayiş olunub.
Elmi-praktik konfransın iştirakçıları Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə də baş çəkiblər.

Regionlar 2021-12-03 14:52:00