×
A
A
A
Sazlamalar

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar və Bioresurslar institutları uğurlu nəticələr əldə edib

Naxçıvan, 3 dekabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində Təbii Ehtiyatlar və Bioresurslar institutlarının 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən bölmənin rəhbəri, akademik İsmayıl Hacıyev hər iki institutun fəaliyyətinə ümumi nəzər salıb.
Daha sonra Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov institutun 2021-ci ildəki fəaliyyəti ilə bağlı məruzə edib. Məruzədə bildirilib ki, 26 mərhələdə elmi-tədqiqat aparan institut əməkdaşlarının hesabat dövründə 4 monoqrafiyası, 2 metodik vəsaiti, 99 elmi məqaləsi və 37 konfrans materialı olmaqla, ümumilikdə, 142 əsəri nəşr olunub, 3 buklet və 1 xəritə tərtib edilib, 1 patent təsdiq olunub. Əsərlərdən 29 məqalə və 17 konfrans materialı xaricdə çapdan çıxıb. Web of Science, Scopus, Springer, AGRİS və digər elmi bazalarda nəşr olunan 28 impakt faktorlu elmi məqalədən 10-u Clarivate Analytics indeksli jurnallarda işıq üzü görüb. İl ərzində əməkdaşların elmi məqalələrinə 130-dan artıq istinad qeydə alınıb, Vikipediya açıq ensiklopediyasında 50-dən çox məqalə redaktə olunub. İnstitutda bitkilər və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin biоlоji əsasları problemi üzrə bir mühüm nəticə əldə olunub. Belə ki, təyin edilmiş nümunələrə əsasən Naxçıvan Muxtar Respublikasında 2 fəsiləyə, 23 cinsə mənsub 44 növ sfesiformesin yayıldığı müəyyən edilib. Mühüm cəhət ondan ibarətdir ki, Azərbaycan faunası üçün 24 növ, Naxçıvan Muxtar Respublikası faunası üçün isə 10 növ ilk dəfə qeyd edilib.
Naxçıvan Muxtar Respublikasında qəbul edilən müvafiq Dövlət proqramlarının icrası istiqamətində tədqiqat işləri aparıldığını deyən alim bu barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, bu il keçirilən “Ailə təsərrüfatı məhsulları festivalı”nda AMEA Naxçıvan Bölməsinə məxsus stenddə institut tərəfindən hazırlanmış müxtəlif çeşiddə meyvə məhsulları, gülab, çaytikanı yağı, paketlənmiş zəfəran qurusu, alma sirkəsi və başqa məhsullar nümayiş olunub. Tədqiqat dövründə Naxçıvan Muxtar Respublikasında bəbirin monitorinqinin aparılması və onun mühafizə strategiyası ilə bağlı beynəlxalq qrant layihəsinin icrası uğurla davam etdirilib. İnstitut əməkdaşlarından dosentlər İsmayıl Məmmədov və Pərviz Fətullayev ABŞ və Almaniyadan gələn mütəxəssislərlə birlikdə beynəlxalq ekspedisiyada, eləcə də Azərbaycan Respublikasının Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının nümayəndələri ilə Ordubad rayonu ərazisində bəbir, onun qida obyekti və qorunma strategiyası ilə bağlı monitorinqdə iştirak ediblər. Nəbatat bağında gilas, göycə, ərik tingləri, badam, alma, albuxara, ərik, yemişan, dovşan alması, katalba, sabun ağacı və başqa dekorativ ağacların toxumları, gül qələmləri əkilib. Hazırda Nəbatat bağında satışa hazır 1700-dək meyvə və 5000-ə qədər dekorativ bitki tingləri var.
Hesabat yığıncağında Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev institutun cari ildəki fəaliyyəti haqqında danışıb. Qeyd olunub ki, Təbii Ehtiyatlar İnstitutunda 1 AMЕA-nın müхbir üzvü, 1 elmlər doktoru, 8 fəlsəfə doktoru və 9 dissertant 6 işi 19 mərhələdə yerinə yetirib. 2021-ci ildə institut əməkdaşlarının 1 monoqrafiyası, 3 kitabı, 41 elmi məqaləsi, 43 konfrans materialı dərc olunub, 1 patent və 1 sənaye nümunəsi təsdiq olunub. Əsərlərdən 10 məqalə, 27 konfrans materialı xaricdə nəşr edilib. İmpakt faktorlu jurnallarda çap olunan 5 elmi məqalədən 4-ü Clarivate Analytics (Thomson Reuters) indeksli jurnallar siyahısına daxildir. İnstitut əməkdaşları cari ildə Vikipediya açıq ensiklopediyasında 55 məqalə üzərində redaktə aparıb, elmi əsərlərə 227 istinad qeydə alınıb. İnstitutda muxtar respublika ərazisindəki təbii sərvətlərin geoloji, kimyəvi, fiziki tədqiqi, avtomatlaşdırılması, hidroloji və landşaft şəraitinin öyrənilməsi, seysmoloji tədqiqatlar, sosial-iqtisadi infrastrukturların yerləşmə qanunauyğunluqlarının araşdırılması üzrə bir mühüm nəticə əldə olunub. Tədqiqat dövründə əməkdaşlar 22 beynəlxalq konfransda məruzə ediblər.
Diqqətə çatdırılıb ki, institutun əməkdaşı dosent Fizzə Məmmədova Beynəlxalq intellektual əməkdaşlıq komitəsi intellektual liqasının həqiqi üzvü, dosent Günel Məmmədova isə nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin aktuallığına və elmi əhəmiyyətinə görə Hindistanın “Şərqin kimya jurnalı”nın redaksiya heyətinə üzv seçilib. Müxbir üzv Tofiq Əliyev və kimya elmləri doktoru Bayram Rzayev AMEA Naxçıvan Bölməsinin fəxri fərmanı ilə təltif olunublar.
Sonda Təbii Ehtiyatlar və Bioresurslar İnstitutlarının 2019-2021-ci illər üzrə elmi nəticələrini müqayisə edən akademik İsmayıl Hacıyev bildirib ki, hər iki elmi-tədqiqat müəssisəsində beynəlxalq səviyyəli məqalələrin keyfiyyət və say göstəricilərindəki artım təqdirəlayiqdir.
Bölmənin Rəyasət Heyətinin üzvlərindən akademik Tariyel Talıbov və AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli elmi-tədqiqat müəssisələrinin hesabatını məqbul hesab edərək qəbul olunmasının təklif ediblər.

 

Regionlar 2021-12-03 10:46:00