×
A
A
A
Sazlamalar

Sədaqət Vəliyeva: Laçın rayonunun işğaldan azad olunması böyük strateji əhəmiyyətə malikdir

Bakı, 2 dekabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən ağır məğlubiyyətə uğradılan işğalçı Ermənistan ötən il noyabrın 10-da kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq ötən il dekabr ayının 1-də Laçın rayonu qeyd-şərtsiz boşaldılaraq Azərbaycana təhvil verildi. Bununla da bütün dünya Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətinin, dəmir yumruğunun gücünün və Ermənistanın hərbi, siyasi, diplomatik məğlubiyyətinin şahidi oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, rəşadətli Azərbaycan Ordusu ötən il dekabrın 1-də Laçın rayonuna daxil olaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa edib: “Laçın rayonunun hərbi-siyasi yolla, qan tökülmədən və bir güllə belə atılmadan işğaldan azad edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik hərbi və diplomatik siyasətinin nəticəsidir”.
“Laçın rayonun işğaldan azad olunması tarixi hadisə idi”, – deyən Milli Məclisin deputatı əlavə edib ki, böyük iqtisadi potensiala və zəngin yeraltı, yerüstü sərvətlərə, qiymətli mineral sulara malik Laçın rayonunun işğaldan azad edilməsi Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək: “Həmçinin, dəhliz rolunu oynayan Laçın rayonunun işğaldan azad olunması böyük strateji əhəmiyyətə malikdir. Sirr deyil ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş digər rayonlarla yanaşı, Laçın rayonuna da dəfələrlə səfər edib. Ölkə başçımızın rəhbərliyi və şəxsi nəzarəti altında Laçın rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Əminliklə demək olar ki, qurucu lider İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sürətli bərpa və quruculuq işləri nəticəsində, qısa zamanda Laçın rayonu dünyanın ən dilbər guşələrindən birinə çevriləcək”.

 

 

Siyasət 2021-12-02 03:29:00