×
A
A
A
Sazlamalar

Almaniya telekanalının saytı Soçi görüşündən yazıb

Berlin, 1 dekabr, AZƏRTAC
Almaniyanın “N-TV” telekanalının saytı Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilmiş üçtərəfli görüş barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə son illərin Qarabağda şiddətli döyüşlərin baş verməsi ilə xarakterizə olunduğu bildirilir. Həmçinin qeyd olunur ki, hazırda Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün vasitəçilik səyləri göstərir. Vurğulanır ki, münaqişə tərəfləri olmuş ölkələr hazırda mübahisəli məsələləri həll etmək, o cümlədən qarşılıqlı olaraq sərhədlərini müəyyən etmək niyyətindədirlər.
Məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan liderləri iki ölkə arasında gərginliyi azaltmaq barədə razılığa gəliblər. Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev bu məqsədlə Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşərək danışıqlar aparıblar. Danışıqlardan sonra hər iki lider görüşün nəticəsini müsbət dəyərləndirib. Prezident Putin əsas hesab edilən bir sıra məqamlarda razılığa gəlindiyini vurğulayıb. Onun sözlərinə görə, Cənubi Qafqaz respublikaları sərhədlərinin qarşılıqlı olaraq müəyyənləşdirilməsinə başlamaq istəyirlər. Bundan əlavə, dövlətlər arasında nəqliyyat əlaqələri yenidən bərpa olunmalı və humanitar məsələlər barədə müzakirələr aparılmalıdır.

 

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Siyasət 2021-12-01 20:06:00