×
A
A
A
Sazlamalar

Səttar Möhbalıyev: Laçında hava limanının tikintisi bölgənin beynəlxalq statusunu artıracaq

Bakı, 1 dekabr, AZƏRTAC

Bu gün Laçın rayonunun düşmən işğalından azad olunduğu gündür. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçın işğala qədər - 1992-ci il mayın 18-dək Azərbaycanın inkişaf etmiş rayonlarından biri olub. Rayon faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Rayonun işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub, dövlət və xüsusi mülkiyyətə zərər yetirilib. Əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Ümumiyyətlə, Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq işğalla yanaşı, dəhşətli vandalizm aktları törədib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Deputat bildirib: “Rayon işğaldan azad ediləndən sonra həmin ərazilərə səfərləri təşkil olunmuş xarici diplomatlar və KİV nümayəndələri də bu vəziyyəti müşahidə ediblər. Ermənilər Laçın rayonunun və onun kəndlərinin coğrafi adlarını dəyişdirməklə özününküləşdirməyə çalışıblar. Suriyadan olan erməni əsilli qaçqınlar məqsədyönlü şəkildə həmin ərazilərdə yerləşdirilməsi, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər törədirdilər. Rayonun təbii resursları talan edilirdi, gəlir mənbəyi kimi istifadə olunurdu”.
AHİK sədri bildirib ki, Laçın rayonunun işğaldan azad olunması tarixi ədalətin bərpa edilməsidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini məhv etdi. Ermənistanın yeganə çıxış yolu kapitulyasiya aktı oldu ki, bununla da ermənilər diz çökdülər, məğlubiyyətlərini rəsmiləşdirdilər və digər ərazilərimizdən də çıxmaq məcburiyyətində qaldılar. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Hərbi əməliyyatlar gedən vaxtı isə yenilməz Ordumuz noyabrın 9-da Laçının Güləbürd, Səfiyan və Türklər kəndlərini azad etmişdi. Odur ki, işğal altında olan digər ərazilərimiz kimi, Laçın rayonu da nəyin bahasına olursa-olsun azad ediləcəkdi.
“Hazırda Laçında da yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir. Bu il fevralın 14-də və avqustun 16-da dövlətimizin başçısı İlham Əliyev Laçın rayonunda səfəri zamanı görülən işlərlə yaxından tanış olub. Burada artıq “Güləbird” Su Elektrik Stansiyası işə salınıb. Həmçinin uzunluğu 72,8 kilometr təşkil edəcək Kəlbəcər-Laçın avtomobil yolu üzərində altkeçidlər və körpü inşa olunacaq, eləcə də 3 tunelin tikintisi aparılacaq. Həmçinin rayonda beynəlxalq hava limanının tikintisinə başlanılıb. Bu, bölgənin beynəlxalq statusunu yüksəldəcək, sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artmasına gətirib çıxaracaq”, - deyə S.Möhbalıyev əlavə edib.

Siyasət 2021-12-01 15:08:00