×
A
A
A
Sazlamalar

Deputat: Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra Cənubi Qafqazın iqtisadi və siyasi mənzərəsi dəyişəcək

Bakı, 1 dekabr, Xəyalə Cəfərova, AZƏRTAC

Şanlı Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan ərazilərimizi işğaldan azad edərək müasir dövrdə bütün dünyada bir ilkə imza atdı. Qarabağda Zəfər qazanmaqla ölkəmiz regionda lider, söz sahibi olan ölkəyə çevrildiyini sübuta yetirdi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Rauf Əliyev söyləyib.
Noyabrın 28-də Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının da Azərbaycan üçün uğurlu olduğunu bildirən deputat deyib: “Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan Prezidenti Arif Alvi, İran Prezidenti Seyid İbrahim Rəisi və Tacikistan Prezidenti Emoməli Rəhmon ilə keçirdiyi ikitərəfli görüşlər bir daha göstərdi ki, Azərbaycanın qazandığı böyük tarixi Qələbədən sonra regionda tamamilə yeni reallıq yaranıb. Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə öz gücü hesabına nail olur və olacaq”.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Azərbaycana dəstəyindən danışan R.Əliyev qeyd edib: “Zirvə Toplantısı onu da göstərdi ki, KTMT ölkələrinin əksəriyyəti Ermənistanın bu təşkilata üzv olmasına baxmayaraq, Azərbaycanı dəstəkləyirlər. Həmçinin tədbirin sonunda qəbul olunan Aşqabad Bəyannaməsində Azərbaycanın maraqlarına tam uyğun müddəaların əksini tapması bütün bu deyilənlərin sübutudur. Bir sözlə, İƏT-nin Aşqabadda keçirilən XV Zirvə Toplantısı və onun nəticələri, qəbul edilmiş Bəyannamə Azərbaycanın maraqlarına tam uyğundur”.
Deputat Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə də münasibət bildirib. Zəngəzur dəhlizinin böyük regional və beynəlxalq əhəmiyyətli layihə olduğunu qeyd edən R.Əliyev deyib: “Artıq bu gün sözügedən dəhliz reallığa çevrilir. İƏT-ə üzv dövlətlər Zəngəzur dəhlizindən istifadə edəcəklər. Bu dəhliz türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Buradan keçən nəqliyyat, kommunikasiya layihələri bütün türk dünyasını birləşdirəcək. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi bu dəhlizin əhəmiyyətini daha da artırır”.
Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra Cənubi Qafqazın iqtisadi və siyasi mənzərəsinin dəyişəcəyini vurğulayan R.Əliyev vurğulayıb: “Artıq bu barədə bir çox regional, Qərb və Çin mətbuatında çox sayda yazılar dərc olunur. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında daha yaxından iştirak edəcək”.

Siyasət 2021-12-01 11:35:00