×
A
A
A
Sazlamalar

Deputat: İƏT-in Zirvə Toplantısının mövzuları Azərbaycanın Vətən müharibəsində Qələbəsinin yaratdığı yeni reallıq üzərində qurulmuşdu

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 28-də Türkmənistanın Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çox səmərəli oldu. Zirvə Toplantısında müzakirə olunan mövzular Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin yaratdığı yeni reallıq üzərində qurulmuşdu. Sammitin mövzusu da təsadüfən seçilməmişdi – “Birlikdə gələcəyə”. Təbii ki, Zəngəzur dəhlizinin reallaşması gələcəyin birlikdə qurulmasında xüsusi rol oynayacaq. Çünki rentabelli dəhlizlər olmadan iqtisadi əməkdaşlıqda böyük nəticələr qazanmaq, birlikdə gələcək haqqında düşünmək çətindir. Qeyd etməliyəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzvü dövlətlərin ümumi daxili məhsulunun həcmi 1,1 trilyon dollardan çoxdur. Belə böyük iqtisadiyyatları olan ölkələr arasında kommunikasiyaların daha səmərəli olması iqtisadi əlaqələrin inkişafına yeni təkan verir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Zəngəzur dəhlizi təşkilata üzvü ölkələrlə Türkiyə arasında quru yolla bağlantı yaradacaq. Bu bağlantı həm də Asiya ilə Avropa arasında daşınmalarda daha səmərəli dəhliz olacaq. Sammitdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə investisiyaların yatırılması məsələləri də gündəmə gətirildi. Bu gün Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Beynəlxalq maliyyə qurumları tərəfindən açıqlanan hesabatlarda da Azərbaycana yüksək yerlərdə qərarlaşır. Məsələn, Dünya Bankının “Doing Business” Hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bu o deməkdir ki, Azərbaycan dövləti islahatların ardıcıl və davamlı şəkildə aparılması sayəsində münbit investisiya mühiti formalaşdırıb. İqtisadiyyatına 280 milyard dollardan çox investisiya yerləşdirilməsi və bu investisiyaların yarısından çox hissəsinin xarici investisiyalar olması investorlar üçün ölkəmizdə məqbul şəraitin olmasından irəli gəlir. Davos İqtisadi Forumunda isə Azərbaycan müxtəlif indekatorları üzrə daha yüksəkliklərə layiq görülmüşdür.
"Azərbaycan hökumətin uzunmüddətli strategiyasına görə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyinə görə 5-ci yerdə, əhalinin enerjiyə əlçatanlıq əmsalına görə 2-ci yerdədir. Ölkəmiz nəqliyyat infrastrukturun səmərəliliyinə görə də Azərbaycan yüksək yerlərdə qərarlaşıb. Məsələn, dəmiryol xidmətlərin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının xidmətlərinə görə 12-ci, dəniz liman xidmətlərinin səmərəliliyinə görə 25-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 27-ci yerdə qərarlaşıb. Azərbaycan geniş və optimal investisiya mühitinə malikdir. İşğaldan azad olunmuş ərazilərdə geniş layihələr icra olunur. O cümlədən investisiya layihələrin icrası üçün də böyük potensial mövcuddur. İƏT-ə üzv dövlətlər tərəfindən işğaldan azad olunmuş ərazilərimizə investisiya qoymaq imkanları təklif edildi.
Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması da tarixi hadisədir. Təbii ki, bu, Dünya İqtisadi Forumunun Azərbaycana verdiyi dəyərlə birbaşa bağlıdır. Dövlət siyasətimiz daha çox innovasiyalı istehsala yönəlib. Son vaxtlar iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Həm də işğaldan azad olunmuş ərazilərimiz “yaşıl zona” adlandırılıb, bu ərazilərdə elmtutumlu layihələr icra olunur. Həyata keçirilməyə başladığımız “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları 5-ci sənaye inqilabına hazırlaşmağımızın göstəricisidir”, - deyə Azər Badamov vurğulayıb.
Deputat, həmçinin qeyd edib ki, Azərbaycan müasir innovasiyalı texnologiyalara yiyələnməsi baxımından regionda liderdir. Bununla yanaşı, Mərkəzin Azərbaycanda yaradılması ölkəmizə müasir peşələrin və texnologiyaların gətirilməsini sürətləndirəcək. Bu istiqamətdə qazanacağımız təcrübə İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafına müsbət töhfə verəcək. Ona görə də İƏT-in Zirvə Toplantısında Sənaye İnqilabının Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzi ilə əməkdaşlıq edilməsi məsələsi müzakirə olundu. Dünyanın gələcəyi müasir texnologiyalar və rəqəmsallaşma üzərində qurulacaq. Bu baxımdan Azərbaycanın digər ölkələrdən bir addım qabaqda olması İƏT-ə üzv ölkələrə də müasir texnologiyaların transferini sürətləndirəcək.

 

 

Siyasət 2021-11-30 16:42:00