×
A
A
A
Sazlamalar

Vergi orqanı əməkdaşları 36 min 935 təsərrüfat subyektində qanun pozuntusu aşkarlayıb

Bakı, 29 noyabr, AZƏRTAC

Dövlət Vergi Xidməti (DVX) sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl olunması məqsədilə monitorinqləri davam etdirir.
DVX-dən AZƏRTAC-a bildirilib ki, ticarət obyektlərini əhatə edən monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi və sosial məsafənin gözlənilməsi halları yoxlanılır. Bununla əlaqədar, vergi orqanı əməkdaşları tərəfindən 36 min 935 təsərrüfat subyektində aparılmış müşahidələr nəticəsində 3952 halda qanun pozuntusuna yol verildiyi müəyyən olunub, sahibkarlıq subyektlərinə 1 milyon 81 min 800 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Karantin qaydalarına riayət edilməsi məqsədilə işçilərin fərdi qoruyucu vasitələrlə təmin olunması, müştərilər arasında sosial məsafənin saxlanılması, eləcə də tibbi maskadan istifadə etməyən alıcıların ticarət məntəqələrinə daxil olmaması zəruri şərtdir.
Bu baxımdan, ticarət məntəqələrində monitorinqlər davam etdiriləcək, müəyyən olunmuş qayda və tələblərin pozulması hallarına yol verən sahibkarlıq subyektlərinə qarşı ciddi tədbirlər görüləcək.

Maliyyə 2021-11-29 18:49:00