×
A
A
A
Sazlamalar

Baş Dövlət Yol Polisi İdarəsinin keçirdiyi rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 29 noyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin 2021-ci il üçün elan etdiyi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə yekun vurulub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqə “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda təbliğatla bağlı nəzərdə tutulmuş tədbirlər çərçivəsində təşkil olunub və böyük fəallıq müşahidə edilib. Belə ki, uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədilə keçirilmiş müsabiqəyə respublikanın 43 şəhər və rayonundan 335 rəsm əsəri təqdim olunub.
Daxili İşlər və Təhsil nazirliklərinin birgə əməkdaşlığının növbəti uğuru olan müsabiqədə ümumilikdə 97 tam orta məktəb, lisey, gimnaziya, uşaq-gənclər inkişaf mərkəzlərinin təmsilçiləri yaxından iştirak ediblər. Müsabiqəyə təqdim olunmuş əsərlərin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə mütəxəssis və KİV təmsilçiləri dəvət edilib, qaliblər onların rəyi nəzərə alınmaqla kollegial qaydada müəyyən olunub.
Mövzunun əhatə olunması, materialın tamaşaçı üçün informasiya payı, təqdim olunan əsərin üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi, ictimai maraqların müdafiəsi kimi meyarlara əsaslanaraq Sumqayıt 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Nərgiz Qasımova birinci, Qusar şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Azad Əliyev ikinci, Ağdam Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Mahmud Hüseynli isə üçüncü yerin qalibi olaraq seçiliblər.
Bununla yanaşı, müsabiqənin keçirilməsində fəal iştirak etdiklərinə görə Şəki, Quba, Lənkəran, Samux və Şamaxı təhsil şöbələrinin, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının, Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin, eləcə də Laçın rayonunun Çıraqlı kənd və Qobustan rayonunun Cəyirli kənd tam orta məktəblərinin müəllimlərinin təqdim etdikləri əsərlər münsiflər tərəfindən yüksək qiymətləndirildiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən 36 iştirakçının təltif olunması qərara alınıb.
Qaliblərin və müsabiqədə fərqlənənlərin təltif edilməsi pandemiya qaydaları nəzərə alınmaqla bu ilin dekabrında həyata keçiriləcək.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan rəsm əsərlərindən ibarət albomun hazırlanması, onların sərgilərdə nümayiş olunması və qaliblərin təbliğat xarakterli tədbirlərə cəlb edilməsi növbəti addım kimi nəzərdə tutulub. Bu da ölkəmizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı görülən təbliğat-təşviqat və maarifləndirmə işinə yeni töhfələr verəcək.

Sosial 2021-11-29 18:33:00