×
A
A
A
Sazlamalar

Tokioda yaşayan soydaşlarımız Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçiriblər

Tokio, 8 noyabr, AZƏRTAC

Yaponiyada yaşayan soydaşlarımız və Azərbaycanın yapon dostları Vətən müharibəsində Qələbənin birinci ildönümü – Zəfər Günü ilə əlaqədar Tokionun mərkəzində yerləşən “Tokyo”, “Shinjuku” və “Takadanobaba” stansiyalarının qarşısında, Azərbaycanın Yaponiyadakı səfirliyində və paytaxtın məşhur Şincuku rayonunda yerləşən “Qarabağ” və “Pamukkale” restoranlarında, “LDS Group” şirkətinin üzvü olan yapon investorların Okinava toplantısında məlumatlandırma aksiyası keçiriblər.
AZƏRTAC xəbər verir ki, aksiyada Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin fəalları, Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları, Tokioda yaşayan digər həmvətənlərimiz və ölkəmizin yapon dostları iştirak ediblər. Aksiyada mərkəzin təşəbbüsü və Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış maskalar və broşürlər Tokio sakinlərinə paylanıb, onlara ətraflı məlumat verilib.
Tibbi maskaların üzərində Azərbaycan, ingilis və yapon dillərində “Qarabağ Azərbaycandır” sözləri yazılıb, 44 gün davam edən Vətən müharibəsi barədə daha ətraflı məlumat əldə etmək üçün QR-kod yerləşdirilib. Maska istifadəçiləri həmin QR-kod vasitəsilə Vətən müharibəsi, onun tarixi, gedişi və nəticələri barədə ingilis dilində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış məlumatlarla tanış ola bilərlər. Maskanın üzərində Vətən müharibəsində şanlı Qələbənin rəmzinə çevrilən Xarıbülbül çiçəyinin təsviri də yer alıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Diaspor 2021-11-08 15:13:00