×
A
A
A
Sazlamalar

Soltan Məmmədov: Zəngilanın azad olunması Vətən müharibəsinin gedişində Azərbaycan Ordusuna böyük strateji üstünlük qazandırdı

Bakı, 20 oktyabr, AZƏRTAC
Zəngilanın işğaldan azad olunması Vətən müharibəsinin gedişində Azərbaycan Ordusuna böyük strateji üstünlük qazandırdı. Çünki bu tarixi Qələbə nəticəsində Azərbaycanın İran İslam Respublikası ilə 132 kilometrlik məsafəni əhatə edən sərhədi tam bərpa edildi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Zəngilanın işğaldan azad olunması üçün 2020-ci il oktyabrın 18-də başlanan hərbi əməliyyatın qısa müddətdə müvəffəqiyyətlə başa çatması Azərbaycan Ordusunun gücünü və dövlət rəhbərliyinin qətiyyətini bir daha nümayiş etdirmiş oldu.
Zəngilanın Naxçıvan Muxtar Respublikası ilə ən yaxın quru sərhədimiz olduğunu xatırladan Soltan Məmmədov qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasından sonra bütün regionun həyatında yeni mərhələ başlayacaq: “Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Naxçıvanı blokadadan çıxarmaqla yanaşı, regionda iqtisadi əlaqələrin bərpası üçün də çox geniş imkanlar yaradacaq. Bu baxımdan, Zəngilanın işğaldan azad olunması yalnız hərbi, siyasi baxımdan deyil, həm də iqtisadi perspektivlər kontekstində böyük strateji əhəmiyyət daşıyırdı. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu, Zəngilan-Horadiz avtomobil yolu, inşa ediləcək hava limanı bu rayonun Azərbaycan üçün nə qədər mühüm logistik əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir”.
Deputat Zəngilanın ölkəmizin iqtisadi inkişafında da mühüm rol oynayacağını, rayonun təbii resurslarının, eyni zamanda, kənd təsərrüfatı potensialının ölkə iqtisadiyyatının güclənməsi üçün yeni mənbələr yaradacağını vurğulayıb: “Zəngilan rayonunun iqtisadiyyatı əsasən kənd təsərrüfatı istiqamətli olub. Rayonda tikinti daşı, qızıl, qara mərmər, əhəng xammalı və digər faydalı qazıntı yataqları mövcuddur. Yaşıl enerji potensialı, bundan başqa, müharibədən sonra yaranmış logistika imkanları Azərbaycanın iqtisadiyyatına, o cümlədən ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərəcək”.
Zəngilanın Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsinin əhəmiyyətini vurğulayan Soltan Məmmədov qeyd edib ki, bu təşəbbüs Azərbaycan dövlətinin və xalqının iradəsini, qətiyyətini, gücünü bir daha dünyaya nümayiş etdirəcək. Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək bu layihənin məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışını sürətləndirəcəyini, bölgənin iqtisadiyyatının bərpasına böyük stimul yaradacağını bildirib.

Siyasət 2021-10-20 16:50:00