×
A
A
A
Sazlamalar

İmişlinin Xoşçobanlı kəndində Şəhidlər bulağı tikilib VİDEO

İmişli, 26 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunun Xoşçobanlı kəndində Birinci və İkinci Qarabağ müharibələrində Vətən uğrunda canını fəda edən kənd qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunan bulaq kompleksinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, məktəblilər və kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşən qüdrətli Azərbaycan Ordusunun şücaətindən danışıblar. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşməni darmadağın edərək əzəli torpaqlarımızı yağı düşməndən azad etdi. Vətən uğrunda canlarını fəda edərək əsl qəhrəmanlıq göstərən şəhidlərimizin qanı ilə Azərbaycanın hərb tarixinin şanlı səhifəsi yazıldı.
Çıxışlarda hər bir azərbaycanlının əsgər və zabitlərimizin qəhrəmanlığı ilə qürur duyduğu qeyd olunub. Bildirilib ki Xoşçobanlı kəndinin qəhrəman oğulları Birinci Qarabağ və Vətən müharibələrində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə rəşadət nümayiş etdiriblər. Yeni inşa olunan bu bulaq Birinci Qarabağ müharibəsində şəhid olan Əmirov Vüqar Əmiralı oğlunun və Vətən müharibəsi şəhidi Qurbanov Mayıl Mayis oğlunun xatirələrinə həsr edilib. Şəhid qəhrəmanlarımızın şücaəti və vətənpərvərliyi gələcək nəsillər üçün örnəkdir.
Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Daha sonra bulaq istifadəyə verilib, şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə şəhid Mayıl Qurbanovun döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra təltif olunduğu “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları atasına təqdim edilib.

Regionlar 2021-09-26 15:38:00

Video