×
A
A
A
Sazlamalar

Helsinkidə Azərbaycan-Finlandiya dostluq əlaqələrinə həsr edilən tədbir təşkil olunub

Stokholm 10 avqust, Rauf Əliyev, AZƏRTAC

Helsinkidə Finlandiya və Azərbaycan əlaqələrinə həsr olunan tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir “Finlandiya və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” devizi altında keçirilib.
Deputat Veronika Honkasalo, məşhur yazıçı Aulikki Oksanen, teatr rəhbəri Juha Kukkonen, Türk-Finlandiya cəmiyyətinin nümayəndələri və Finlandiyada yaşayan Azərbaycan diasporunun iştirakı ilə baş tutan tədbirə, yerli iş adamları və ictimaiyyət nümayəndələri də qatılıb.
Qonaqları salamlayan layihənin təşəbbüskarı, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru Ülviyyə Cabbarova mərasimin mahiyyəti haqqında məlumat verib.
Ölkəmizin uzun və uğurlu inkişaf yolundan danışan diaspor fəalı, müxtəlif sahələrdə əldə olunmuş nəzərəçarpan uğurlardan söz açıb. O, habelə 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı tarixi zəfərindən də bəhs edərək, uzun illər Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasətinə son qoyulduğunu bildirib, lakin bu qanlı işğalçılıq siyasətinin ağır iz qoyduğunu vurğulayıb.
Daha sonra Finlandiyada yaşayan filoloq Aygül Rzayeva Azərbaycan tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri haqqında maraqlı faktlarla zəngin təqdimatla çıxış edib.
Finlandiyada tanınmış film prodüserlərindən biri, 1980-ci illərdə Azərbaycana ilk dəfə səfər etmiş Aino Halonen də öz çıxışında ölkəmiz haqqında təəssüratlarını bölüşüb. O, Azərbaycan tarixi və mədəniyyətinin zənginliyi, xalqımızın qonaqpərvərliyi haqqında öz xoş təəssüratlarını diqqətə çatdıraraq, Qarabağ münaqişəsi illərində və bundan sonrakı dövrdə də Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.
Tədbirdə çıxış edən Qarabağ atları sərgisinin müəllifi Dace Ştrasus məşhur Qarabağ atları haqqında tədbir iştirakçılarına ətraflı bəhs edib.
Sonra Ülviyyə Cabbarova tərəfindən Dace Ştrasusa Azərbaycanla mədəni əlaqələrin daha da möhkəmlənməsi istiqamətindəki səyləri və Qarabağ atları irsinin tanıdılmasındakı aktiv fəaliyyətinə görə rəhbərlik etdiyi təşkilat adından təşəkkürnamə təqdim edib.
Azərbaycan xalçalarının nümayiş olunduğu, milli mətbəximizin təamlarının təqdim edildiyi və Qarabağ atları haqqında məlumatın da verildiyi tədbirdə, həm də Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərdən biri olan, ekoloji cinayəti tanıdan Oxçuçay həqiqətlərini əks etdirən sərgi də qonaqlara nümayiş olunub.
Tədbirin bədii hissəsində isə milli opera və balet teatrının solisti Leyla Quliyevanın və Zuzu Zakarianın ifasında müxtəlif kompozisiyalar ifa edilib.
Sonda mərasim iştirakçılarına təşkilatçılar tərəfindən milli hədiyyələr təqdim olunub.


Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Diaspor 2021-08-10 07:53:00