×
A
A
A
Sazlamalar

Məşqçi və idmançıların iştirakı ilə ekskursiyalar təşkil olunub

Naxçıvan, 19 iyun, AZƏRTAC

Muxtar respublikanın idman federasiyalarının nümayəndələri, məşqçi və idmançıları Naxçıvan şəhərində yerləşən mədəniyyət müəssisələri ilə tanış olublar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qrafikə uyğun olaraq Atıcılıq Federasiyasının idmançıları Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzey barədə məlumat verilərək bildirilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb. Sərəncamın imzalanmasından ötən qısa zamanda Naxçıvan şəhərinin mərkəzində Heydər Əliyev Muzeyi yaradılıb və muzey 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzey bu gün Naxçıvana gələn bütün qonaqların ilk ziyarət etdiyi elm və mədəniyyət müəssisəsidir. Dahi şəxsiyyətin zəngin irsinin qorunub saxlanıldığı bu müəssisə ziyarətçilərdə böyük təəssürat oyadır.
Dövlət Bayrağı Muzeyi ilə tanış olan Hava və Ekstremal İdman Növləri Federasiyasının nümayəndələri burada sərgilənən eksponatlara maraqla baxıblar. Qeyd olunub ki, muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa edilmiş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilib.
Naxçıvan Biznes Mərkəzində Paralimpiya Federasiyasının təmsilçilərinin diqqətinə çatdırılıb ki, müxtəlif istehsal və xidmət sahələri üzrə biznesə yeni başlayan sahibkarlara hərtərəfli köməklik göstərilməsi, cari məsələlərin həlli üçün vacib tədbirlərin keçirilməsi və muxtar respublikamızda istehsal olunan yerli məhsulları sərgiləmək baxımından mərkəz xüsusi əhəmiyyətli bir müəssisədir.
Bitkilər və ağacların qorunduğu unikal bir məkan olan Nəbatat bağı ilə tanış olan Kikboksinq Federasiyasının idmançılarına bildirilib ki, bağın nadir bitkilər kolleksiyası sahəsində Azərbaycan və Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş bəzi bitki növləri mövcuddur.
Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının nümayəndələri üçün təşkil olunan ekskursiyalar mütəmadi olaraq davam etdirilir.

Regionlar 2021-06-19 20:23:00