×
A
A
A
Sazlamalar

Milli Qurtuluş Günü münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə bilik yarışı təşkil olunub

Bakı, 14 iyun, AZƏRTAC
15 iyun - Milli Qurtuluş Günü münasibətilə bu gün Bakı Gənclər Mərkəzində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ali təhsil müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşəbbüsü ilə baş tutan yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək azərbaycançılıq məfkurəsinin mahiyyətindən, Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, 1993-cü il iyunun 15-də xalqımızın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizi parçalanmaq, xalqımızı müstəqilliyimizin itirilməsi təhlükəsindən xilas etdi. Məhz dahi şəxsiyyətin xilaskar missiyası sayəsində Azərbaycan bütün çətinlikləri qısa zamanda arxada qoyaraq, sürətlə inkişaf etməyə başladı.
Nazir müavini vurğulayıb ki, Ümummilli Liderimiz hər zaman gənclərə inanıb, onların inkişafı və yaxşı təhsil almalarına xüsusi diqqət yetirib. Məhz bu diqqət və qayğının nəticəsində Gənclər və İdman Nazirliyi təsis olunub, Azərbaycan gənclərinin I Forumu keçirilib, 2 fevral – Azərbaycan Gəncləri Günü təsis olunub. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının ali diqqət və qayğısı sayəsində bu gün mütəşəkkil qüvvə kimi formalaşan Azərbaycan gəncləri ölkəmizin dinamik inkişafında fəal rol oynayırlar.
Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmov çıxışlarında ölkəmizdə gənclər üçün yaradılan şəraitdən danışıblar. Bildirilib ki, bu diqqət və qayğıdan bəhrələnən Azərbaycan gəncləri ölkəmizin inkişafında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yüksək fəallıq nümayiş etdirirlər.
Çıxışlarda Azərbaycan gənclərinin bilik və bacarıqlarının artırılmasında belə intellektual bilik yarışlarının əhəmiyyəti xüsusi vurğulanıb.
Çıxışlardan sonra bilik yarışına start verilib. Yarışda hər biri 4 gəncdən ibarət 11 komanda mübarizə aparıb.
Maraqlı bir o qədər də gərgin keçən oyun zamanı ən yaxşı nəticə göstərən Azərbaycan Turizm və Menecment Universitetinin komandası qalib gəlib.
İkinci və üçüncü yerlərin sahibi isə müvafiq olaraq Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Tibb Universitetinin tələbələri olub.
Sonda qalib komandalar mükafatlandırılıb.

Sosial 2021-06-14 19:12:00