×
A
A
A
Sazlamalar

Politoloq: Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın tələbini rədd edən qərarı hüququn aliliyinə söykənir

Bakı, 12 iyun, AZƏRTAC

Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın Azərbaycanda saxlanılan 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd etməsi olduqca düzgün, yəni, hüququn aliliyinə söykənən bir qərardır. Müharibədən sonra regionda yaranmış yeni reallığı qəbul etmək istəməyən, regionda sülhün və iqtisadi sabitliyin bərqərar olması prosesinə kökündən ziyan vuran Ermənistan bir dəfə yox, iki dəfə qanunun aliliyi prinsipini kobud şəkildə tapdalayaraq saxlanılan şəxslərin sərbəst buraxılması istiqamətində cəhd etsə də, hər ikisi Məhkəmə tərəfindən rədd edilib. Çünki bu şəxslər, sadəcə, Azərbaycanın daxili qanunvericiliyini deyil, eyni zamanda, beynəlxalq hüququ pozaraq ağır müharibə cinayətləri törədiblər. Belə ki, həbsdə saxlanılanlardan ikisi - Lüdviq Mkrtçyan və Alyoşa Xosrovyan Azərbaycan vətəndaşlarına işgəncə veriblər, indi də törətdikləri əməllərə görə istintaqa cəlb olunublar. Bununla yanaşı, qanunun aliliyi prinsipini hər zaman prioritet hesab edən, humanizm nümayiş etdirən Azərbaycan dövləti həm Lüdviq Mkrtçyanın, həm də Alyoşa Xosrovyanın səhhəti ilə əlaqədar bütün tələbləri yerinə yetirir, bununla bağlı müvafiq sənədlər aidiyyəti qurumlara göndərilir və bu barədə də geniş ictimaiyyətə məlumat verilir. Azərbaycanın tam hüququ var ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərara müvafiq olaraq cinayət təqibi başa çatanadək bu şəxsləri həbsdə tutsun.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.
Politoloq qeyd edib ki, Ermənistanın bütün bu cəhdləri beynəlxalq hüquq normalarının pozulmasına əyani nümunədir. Ermənistan indiyə qədər cəzasızlıq sindromundan bəhrələnərək öz mənfur əməllərini davam etdirirdi. Ermənistanın haqsız və əsassız tələbinin iki dəfə rədd edilməsi bəlkə onun ağlını başına gətirər və işğalçı ölkə nəhayət dərk edər ki, regionun və ən çox da Ermənistanın özünün inkişafı qanunları pozmaqdan yox, onlara hörmət etməkdən keçir. Necə ki, Azərbaycan illərlə beynəlxalq hüquqla təsbit olunmuş, dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində yorulmadan çalışdı, necə ki, beynəlxalq hüququn norma və prinsiplərinə hətta müharibə dövründə də əməl etdi, indi də saxlanılan iki şəxslə bağlı atılan bütün addımlar qanun çərçivəsindədir.
“Ermənistandan fərqli olaraq, Azərbaycan hərbi əsirlərə və sərhədi qanunsuz şəkildə pozaraq ərazimizə daxil olan Ermənistan vətəndaşlarına humanist münasibət nümayiş etdirir. Bununla yanaşı, Azərbaycan bir çox mülki ermənini və hərbçini öz ölkəsinə geri qaytarıb. Birinci və İkinci Qarabağ müharibələrində Ermənistan həm mülki şəxslərimizə, həm də hərbçilərimizə amansız münasibət sərgiləyib, onlara ağır işgəncələr verib.
Azərbaycan dövləti və ictimaiyyəti olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin iki dəfə Ermənistanın haqsız tələbini rədd etməsi qərarını təqdir edirik”, - deyə Ş.Həsənov vurğulayıb.

Siyasət 2021-06-12 16:12:00