×
A
A
A
Sazlamalar

“Xarıbülbül” festivalında multimədəni dəyərlərimizin təqdim edilməsi həm də erməni etnomədəni terroruna verilən yaxşı cavab idi

Bakı, 17 may, AZƏRTAC

Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında tarix yazan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi. Dövlətimizin başçısının Azərbaycanın gözü olan Şuşadan verdiyi mesajlar milli yaddaşımıza əbədi həkk olundu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
H.Babaoğlu diqqətə çatdırıb ki, “Xarıbülbül” musiqi festivalı bir daha Azərbaycan mədəniyyətinin necə dərin köklərə malik olduğunu, mədəni irsimizin necə zəngin olduğunu bütün dünyaya nümayiş etdirdi. Uzun illərdən sonra doğma Şuşamızı işğaldan azad etməyimiz və orada ənənəvi mədəniyyət festivalımızı yenidən bərpa etməmiz Azərbaycan xalqının əzmindən, iradəsindən, qətiyyətindən xəbər verməklə yanaşı, həm də necə böyük mədəniyyət yarada bilmə qabiliyyətini göstərdi. Eyni zamanda, yaratdığımız mədəni irsə sahib çıxmağı bacarmağımızın nümayişi oldu.
Baş redaktor qeyd edib ki, “Xarıbülbül” musiqi festivalının proqramı zənginliyinə və rəngarəngliyinə görə həm də ölkəmizdə tarixən və bu gün də mövcud olan multikulturalizmin, çox mədəniyyətliliyin və onların harmoniyasının təntənəsi idi. “Bütün dünya bir daha gördü ki, Azərbaycanın mədəni irsi çox zəngindir və dərin kökləri vardır. Dünya bir daha şahidi oldu ki, bizim mədəni irsimizin qaynaqları etnik və dini tolerantlığa, birgəyaşayışa söykənir. Bu isə həm də Azərbaycanın tarixi Qələbəsinin əsaslarında duran amillərdən biridir. Musiqi festivalı ilə həm də nümayiş olundu ki, multikulturalizmi, tolerantlığı və birgəyaşayışı mənimsəyə bilməyənlər, sadəcə, ermənilərdir. Çünki onlar regionumuza gəlmədirlər və yerli mədəniyyətlərə qarşı həmişə təcavüz nümayiş etdirərək onu məhv etməyə çalışıblar. Yəni etnopsixoloji baxımdan terrorçu və barbar olduqları üçün onlar özlərini Cənubi Qafqazın landşaftına aid hiss edə bilmirlər”, - deyə baş redaktor qeyd edib.
Hikmət Babaoğlunun sözlərinə görə, “Xarıbülbül” musiqi festivalında multimədəni dəyərlərimizin, musiqimizin ən yüksək səviyyədə bir daha təqdim edilməsi, əslində, həm də erməni etnomədəni terroruna verilən yaxşı cavab idi. Festivalda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və bütün dünyaya verdiyi mesajlar isə xüsusi önəm daşıyır.

Siyasət 2021-05-17 19:58:00