Yevlaxda 14 kəndi birləşdirən yeni körpü inşa edilir
Yevlax, 17 may, AZƏRTAC
Bakı-Ələt-Qazax avtomobil yolunun 297-ci kilometrliyində, Yevlax rayonunun Səmədabad kəndi yaxınlığında İncə çayın üzərində yerləşən körpünün dayaqları uzun illər sel sularının və digər təbii amillərin təsirindən çökərək deformasiyaya uğramış və sonradan uçmuşdur. 1956-cı ildə inşa edilən, uzunluğu 19 metr, eni 5 metr olan 3 aşırımlı körpü hazırda istifadəyə yararsız vəziyyətdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax rayonunun Səmədabad, Nərimanabad, İsmayılabad, Yeni Çobankərə, Kövər, Kolanı, Qaraməmmədli, Rüstəmli, Qaramanlı, Nəmirli, Dəlləklər və digər yaşayış məntəqələri olmaqla, 14 kəndi birləşdirən yolda yerləşən bu körpünün hazırkı vəziyyəti ətraf kəndlərdə yaşayan 13 min 500 nəfər əhali üçün ciddi çətinliklər yaradırdı. Bu səbəbdən də kəndlərin sakinləri öz pay torpaqlarına və qonşu kəndlərə getmək üçün əlavə 30 kilometr yol qət etməli olurdular.
Sakinlərin müraciətləri nəzərə alınaraq Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət edilib və bu il may ayının əvvəlində yeni körpünün inşasına başlanılıb. Yeni körpünün tikintisinin may ayının sonunda yekunlaşması nəzərdə tutulur.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib