×
A
A
A
Sazlamalar

“The Korea Post”: Azərbaycan Prezidenti xalqın arzularını, ideallarını həyata keçirir, ölkənin dünyada nüfuzunu artırır

Pekin, 17 may, AZƏRTAC

Cənubi Koreyanın nüfuzlu “The Korea Post” qəzetində Azərbaycanın Seuldakı səfiri Rəmzi Teymurovla müsahibə əsasında hazırlanan “Azərbaycan Prezidenti xalqın arzularını, ideallarını həyata keçirir, ölkənin dünyada nüfuzunu artırır” sərlövhəli məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil, suveren və demokratik dövlət kimi yaxşı və səmərəli idarəçiliyi, sosial-iqtisadi və insan kapitalının inkişafı, beynəlxalq münasibətlərdə artan rolu və nüfuzu ölkə olduğu vurğulanıb.
Səfir R.Teymurov ulu öndər Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” fikrini xatırladaraq, bugünkü Azərbaycanın 103 il əvvəl müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını həyata keçirdiyini qeyd edib. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bir çox çətinliklə, o cümlədən qonşu Ermənistanın hərbi təcavüzü ilə üzləşib. Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə böhranlı dövr arxada qalıb və Azərbaycanın hərtərəfli inkişafı üçün strategiya müəyyən olunub.
Məqalədə Azərbaycanın Prezident İlham Əliyevin liderliyi ilə qazandığı uğurlardan, ölkənin sosial-iqtisadi inkişafından, irimiqyaslı enerji və nəqliyyat layihələrindən, həyata keçirilən islahatlar nəticəsində əhalinin rifah halının yaxşılaşmasından, ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsindən söz açılıb. Bildirilib ki, Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurlar beynəlxalq təşkilatların hesabatlarında da əksini tapıb.
“The Korea Post”un məqaləsində 2021-ci ilin Azərbaycan “Nizami Gəncəvi İli” elan olunduğu, dahi şair və mütəfəkkirin anadan olmasının 880-ci ildönümü münasibəti ilə Azərbaycanda və xaricdə müxtəlif tədbirlərin keçirildiyi bildirilib.
Səfir R.Teymurov qəzetin əməkdaşının Azərbaycan və Ermənistan arasındakı vəziyyət barədə sualına cavab olaraq bildirib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin bir hissəsini 30 ilə yaxın müddətdə işğal altında saxlayıb, həmin ərazilərdə etnik təmizləmə siyasəti, kütləvi qırğınlar həyata keçirib. Beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası Ermənistandan işğala dərhal son qoymağı tələb edən qətnamələr qəbul etsə də, rəsmi İrəvan beynəlxalq hüquqa məhəl qoymayıb. Ötən ilin sentyabrında Ermənistanın növbəti təxribatı nəticəsində başlayan 44 günlük müharibənin gedişində Azərbaycan Silahlı Qüvvələri bir çox yaşayış məntəqəsini, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanı işğaldan azad edib. Müharibə noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanatla başa çatıb. Bu Bəyanat, əslində, Ermənistanın kapitulyasiyası idi və bununla da Qarabağ münaqişəsi tarixə çevrildi.
Məqalədə Ermənistanın işğalı altında olan ərazilərdə bütün infrastrukturun, evlərin, tarixi mədəni və dini abidələrin dağıdıldığı, ərazidə çox sayda minanın basdırıldığı bildirilib.
Yazıda, eyni zamanda, Azərbaycan ilə Cənubi Koreya arasında münasibətlərin tarixi, hazırkı vəziyyəti və inkişaf perspektivləri, həmçinin ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri, Azərbaycanın, o cümlədən işğaldan azad olunan Qarabağ bölgəsinin turizm potensialı, xalqımızın mədəniyyəti, adət-ənənələri, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Siyasət 2021-05-17 17:43:00