Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlılara çağırış edib

Bakı, 17 may, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi rayonunda baş verən insidentlə bağlı məlumat yayıb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda deyilir: “2021-ci il mayın 16-da saat 17:00 radələrində Gürcüstanın Dmanisi rayonunun 9 Aprel küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etməsi nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbindən baş verdiyi bildirilib.
Bununla belə, son dövrlər regionda cərəyan edən hadisələr, Azərbaycan Respublikasının Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin davamlı inkişafı Qafqaz regionunda sülh və sabitliyin düşmənlərini ciddi narahat edir. Bu baxımdan, Dmanisi rayonunda baş verənlərin təxribat olması və məqsədli şəkildə təşkil edilməsi ehtimalı da mövcuddur.
Qeyd edilənləri nəzərə alaraq, Gürcüstanda yaşayan azərbaycanlıları baş verən insidentə təmkinlə yanaşmağa, ehtiyatlı olmağa, təxribatlara uymamağa və proseslərə qonşu Gürcüstan dövlətinin qanunları çərçivəsində münasibət bildirməyə çağırırıq.
Bildiririk ki, Dmanisi rayonunda baş verən insidentə Diasporla İş üzrə Dövlət Komitəsi həssaslıqla yanaşır və daim diqqət mərkəzində saxlayır”.

Diaspor 2021-05-17 17:16:00