×
A
A
A
Sazlamalar

Deputat: Azərbaycan Prezidentinin alban kilsələrini ziyarət etməsi ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir

Bakı, 17 may, AZƏRTAC

Azərbaycanda multikulturalizmin tarixi qədimdir, müxtəlif xalqlar tarixən burada mehriban şəraitdə yaşayıblar. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qəbələ rayonuna səfəri zamanı Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etmələri çoxmillətli ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir ölkələrdəndir. Bundan başqa, multikulturalizmi dövlət siyasəti kimi qəbul edən digər ölkələrdən fərqli olaraq, Azərbaycanda etnik-mədəni müxtəlifliklər multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Təsadüfi deyil ki, Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur. Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədəki tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycanda multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısı multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək, onu ölkənin daxili və xarici siyasətinin mühüm istiqaməti kimi təqdim edib. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanda mədəni və dini irsin bərpasında xüsusi rol oynayır.
Deputatın sözlərinə görə, mədəniyyətlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə günümüzdə də yüksək şəkildə davam edir. “Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə bu gün dini etiqad azadlığı tam şəkildə təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Xalqımızın gen yaddaşından süzülüb gələn dözümlülük, multikultural ənənə bizim üçün normal yaşayış, həyat tərzidir desək, əsla yanılmış olmarıq. Çünki heç zaman Azərbaycanda dini, milli zəmində qarşıdurma olmayıb. Bu sahədə cəmiyyətdə formalaşmış dözümlülük, tolerantlıq və multikultural ənənələri ilə yanaşı, düşünülmüş dövlət siyasəti də çox böyük rol oynayır”, - deyə o qeyd edib.
Vurğulanıb ki, multikultural təhlükəsizlik ölkədə yaşayan irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının, eyni zamanda, bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi deməkdir. Əgər hansısa dövlətdə bu dəyərlər mövcud olmasa, orada etnik, dini, irqi zəmində qarşıdurmalar, münaqişələr qaçılmaz olacaq. Bu baxımdan tarix boyu ölkəmizdə mövcud olan müxtəlif konfessiyaların, etnik qrupların dostluq və mehriban şəraitdə yaşaması ənənəsi müstəqilliyimizin bərpasından sonra yeni bir mərhələyə qədəm qoyub. Dövlət müxtəlif konfessiyalara bərabər siyasi münasibət bəsləyir, azsaylı xalqların müxtəlifliklərinin qorunması istiqamətində öz qayğısını əsirgəmir və ən əsası, heç birini digərindən fərqləndirmir. Bu da dinindən, milliyyətindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşları arasında dostluq, qardaşlıq münasibətinin güclənməsinə və qırılmaz tellərlə bir-birinə bağlanmasına gətirib çıxarır. Dövlət tərəfindən bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm ənənəsinin qorunması sahəsində də ardıcıl siyasət yürüdülür.

Siyasət 2021-05-17 15:08:00