×
A
A
A
Sazlamalar

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında ulu öndər Heydər Əliyevə həsr olunan xüsusi veriliş yayımlanıb VİDEO

Tokio, 8 may, AZƏRTAC

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş xüsusi veriliş yayımlanıb.
Kanalın prodüseri Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Vüqar Ağayev ulu öndər Heydər Əliyevin tarixi xidmətləri barədə yapon tamaşaçılara məlumat veriblər.
Qeyd edilib ki, 10 may günü Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət kəsb edir. Həmin gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olduğu gün kimi tariximizə və xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. Heydər Əliyevin Azərbaycan xalqı üçün əvəzolunmaz xidmətlərini vurğulayan veriliş iştirakçıları Ümummilli Liderin fitri istedada malik olduğunu, uzaqgörən, müdrik siyasəti ilə ölkəmizin inkişafına əvəzolunmaz töhfələr verdiyini vurğulayıblar.
Verilişdə müasir müstəqil Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin, həmçinin 1969-1982-ci illərdə, keçmiş Sovet İttifaqı dövründə Azərbaycanın rəhbəri olarkən gördüyü böyük quruculuq işləri barədə də ətraflı məlumat verilib. Ümummilli Liderin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunda ilk və yeganə müsəlman rəhbər olduğunu xatırladılaraq, Ulu Öndərin həmin illərdə Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin qorunmasında xüsusi əməyinin olduğu bildirilib. Qeyd edilib ki, Azərbaycan gənclərinin təhsilinə xüsusi diqqətlə yanaşan Heydər Əliyev XX əsrin 70-ci illərində hər il iki min nəfərə qədər gənci müxtəlif ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərində yerləşən ali təhsil müəssisələrinə göndərib. Həmin dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması və bu kimi Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış digər addımlar atması da tamaşaçıların diqqətinə çatdırılıb.
Müasir Azərbaycan iqtisadiyyatının bünövrəsinin Ulu Öndər tərəfindən “Əsrin müqaviləsi” ilə qoyulduğu, bu gün yeni layihələrlə daha da qüdrətləndiyi, Azərbaycanın qazandığı uğurların bu gün Prezident İlham Əliyevin əzmkar, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində davam etdirildiyi vurğulanıb. Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq 2020-ci ilin payızında böyük Zəfərə imza atdığı, 30 ilə yaxın davam etmiş Ermənistan-Azərbaycan münaqişəsinin Ermənistan silahlı qüvvələrinin işğal altındakı torpaqlarımızdan çıxarılması ilə bağlı BMT-nin məlum qətnamələrinə uyğun şəkildə reallaşdırdığı və torpaqlarımızın azad olunduğu vurğulanıb.
Ulu Öndərin əsasını qoyduğu strategiyanın bu gün onun davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayan veriliş iştirakçıları, həmçinin İkinci Qarabağ müharibəsi zamanı Yaponiyanın ölkəmizin haqlı mübarizəsinə dəstək verdiyini, həmrəylik nümayiş etdirdiyini məmnunluqla xatırladıblar.
Veriliş Heydər Əliyev Mərkəzi tərəfindən Ulu Öndər haqqında hazırlanmış videoçarxın nümayişi ilə başa çatıb.

Diaspor 2021-05-08 19:13:00

Video