×
A
A
A
Sazlamalar

“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib

Bakı, 5 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mayın 5-də “Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib. Milli Məclisin Regional məsələlər komitəsi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkil etdikləri tədbirdə deputatlarla yanaşı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin və Bələdiyyə İşçiləri Həmkarlar Komitəsinin təmsilçiləri, həmçinin 70-ə yaxın şəhər, qəsəbə və kənd bələdiyyəsinin rəhbərləri iştirak ediblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videokonfransın açılışında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Heydər Əliyev dühasının Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlətçiliyi, həmçinin bütün türk dünyası, müsəlman dünyası üçün gördüyü möhtəşəm işlərdən bəhs edib. Müasir Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Liderin xalqımızı və ölkəmizi dünya miqyasında tanıtdığını bildirib. Vurğulayıb ki, həyatını xalqına həsr edən Ulu Öndərin zəngin tarixə malik ictimai-siyasi, dövlətçilik fəaliyyəti xalqa və dövlətə xidmətin ən ali nümunəsi, ən parlaq təzahürüdür. O diqqətə çatdırıb ki, bunlar barədə nə qədər kitablar yazılmış olsa da, hələ çox tədqiqat əsərləri hazırlanacaq.
Komitə sədri iftixarla qeyd edib ki, Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad etmiş qalib Azərbaycanda, qədim Şuşada qeyd olunacaq. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsi, Ulu Öndərin layiqli davamçısı olan Azərbaycan Prezidentinin qüdrətinin təcəssümüdür.
Sonra tədbirdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Bakının Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək XX əsrin 90-cı illərində ağır duruma düşmüş Azərbaycan dövlətçiliyinin xilasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, Yeni Azərbaycan Partiyasının yaranmasından söz açıb.
Videokonfransda Regional məsələlər komitəsinin üzvlərindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev öz məruzəsində əsas diqqəti “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” məsələsinə yönəldib. Ulu Öndərin ölkəmizdə hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycanda iqtisadiyyatın və təhsilin inkişafına, hərbi kadrların yetişdirilməsinə və ölkənin müdafiə qüdrətinin artırılmasına, yeni iş yerlərinin yaradılmasına və digər mühüm sahələrə xüsusi diqqət yetirdiyini vurğulayıb.
Məruzəsində Ulu Öndərin gənclər siyasətindən söz açan Regional məsələlər komitəsinin üzvü Səbinə Xasayeva bildirib ki, Prezident İlham Əliyevin ətrafında sıx birləşən, milli düşüncəyə və yüksək intellektual səviyyəyə malik olan müasir Azərbaycan gəncliyi əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin yetirməsidir.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov və Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əli Mehdiyev ölkəmizdə yerli özünüidarəetmə sisteminin yaradılmasında Ümummilli Liderin rolundan və bələdiyyələrin inkişafına göstərilən dövlət qayğısından bəhs ediblər.
Videokonfransda çıxış edən Şirvan bələdiyyəsinin Gənclər və idman komissiyasının sədri, Vətən müharibəsinin qazisi Cəlal Əzizzadə Ulu Öndərin milli ordu quruculuğundakı uzaqgörən siyasətinə toxunub, Qəbələ rayonunun Vəndam bələdiyyəsinin sədri Asif Həşimov Heydər Əliyevin regionların inkişafına göstərdiyi diqqəti önə çəkib.
Tədbirdə aparılan müzakirələrdə Ulu Öndərlə bağlı xatirələr yada salınıb. Azərbaycan tarixində silinməz iz qoyan Heydər Əliyevin azərbaycançılıq ideyası, sosial ədalət siyasəti, neft strategiyası, qüdrətli Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətləri minnətdarlıqla qeyd olunub.
Bununla da “Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda keçirilən videokonfrans başa çatıb.

Siyasət 2021-05-05 20:28:00