×
A
A
A
Sazlamalar

Dünya prokurorlarının 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin razılıq əldə olunub

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, prokurorluq orqanlarının xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlığı davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 4-5-də Niderlandın Haaqa şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin videokonfrans formatında 51-ci iclası keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
İclasda Assosiasiyanın İcraiyyə Komitəsinə yeni üzvlərin qəbulu ilə yanaşı, dünya prokurorlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair bir sıra təşkilati məsələ və sənədlər müzakirə edilib, o cümlədən prokurorluq orqanları əməkdaşlarının transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində müvafiq bilik və təcrübələrinin artırılması məqsədilə qurumlararası əməkdaş mübadiləsini nəzərdə tutan proqramın gələcək imkanları nəzərdən keçirilib.
İclasda çıxış edən Baş prokuror Kamran Əliyev 2024-cü ilin sentyabrında BPA-nın 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin təklif irəli sürüb.
Təkliflə bağlı geniş təqdimatla çıxış edən Baş prokuror dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən paytaxt Bakıda həyata keçirilən dayanıqlı sosial-iqtisadi tədbirlər nəticəsində infrastrukturun ən yüksək standartlar səviyyəsinə çatdırılması, nəticədə Azərbaycanın son illər bir çox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyəli ev sahibliyi etməsi və bu sahədə qazandığı zəngin təcrübə barədə məlumat verib.
Qurumun rəhbər şəxsləri məsələ ilə əlaqədar çıxışlarında Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulayıblar. İclasda BPA-nın 29-cu illik konfransı və ümumi yığıncağının Azərbaycanda keçirilməsi barədə qərar yekdilliklə qəbul edilib.
Assosiasiyanın İcraiyyə Komitəsinin iclasında digər təşkilati məsələlər də müzakirə olunub.

Sosial 2021-05-05 18:01:00