×
A
A
A
Sazlamalar

Azərbaycan könüllüləri tərəfindən aprel ayı ərzində görülmüş işlər müzakirə edilib

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan Könüllü Təşkilatları İttifaqına (AKTİ) üzv qurumların nümayəndələrinin, könüllülərin və AKTİ katibliyinin iştirakı ilə “Könüllü qəhrəmanların aprel görüşü” keçirilib.
AKTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə qonaq qismində dəvət olunmuş Milli Məclisin deputatı Vüqar İsgəndərov könüllülük ənənələri və dəyərlərinin tarixən xalqımız üçün əhəmiyyətli olduğunu vurğulayıb. O, həmin dəyərlərin hazırda gənclərimiz tərəfindən yüksək səviyyədə qorunduğunu və təbliğ edildiyini bildirib. Könüllülərin fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən deputat onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov çıxışında apreldə könüllülər tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, könüllülər aprel ayı ərzində bir sıra sosial aksiyalarda, ağacəkmə kampaniyalarında və təmizlik işlərində iştirak ediblər. Şanlı Aprel döyüşlərində və Vətən müharibəsində iştirak etmiş qazilərimizlə görüşlər təşkil olunub, eləcə də şəhidlərimizin məzarları və onların ailələrini ziyarət edilib. Könüllülər arasında fəal həyat tərzinin təbliği məqsədilə müxtəlif idman tədbirləri və intellektual oyunlar keçirilib. AFFA-nın təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və AKTİ-nin tərəfdaşlığı çərçivəsində keçirilən, aprelin 20-dən start götürən “Avro-2020 Könüllü kuboku” turnirində 16 komanda mübarizə aparıb.
Məlumat verilib ki, Nizami Gəncəvinin yaradıcılığının təbliğində gənclərin rolunu artırmaqla onların asudə vaxtlarının əyləncəli və səmərəli təşkil edilməsi məqsədilə ay ərzində iki mərhələdən ibarət “Xəmsə” milli intellektual oyunu keçirilib. Müxtəlif könüllü təşkilatlarını təmsil edən 12 komandanın yarışdığı turnirin final mərhələsi Şamaxı regional "ASAN xidmət" mərkəzində keçirilib. Oyundan sonra könüllülərin Kələxana türbələri və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olunub.
Bildirilib ki, ay ərzində davam edən “Könüllülərin fərdi inkişaf proqramı” layihəsi çərçivəsində gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarının inkişafı, eləcə xarici dil biliklərinin möhkəmləndirilməsinə dəstək məqsədilə bir sıra mütəxəssislərin dəvət olunduğu onlayn və fiziki təlimlər keçirilib.
Konfransın sonunda könüllülərin həyata keçirilən fəaliyyətlərlə bağlı fikir və təklifləri dinlənilib, növbəti aylarda görüləcək işlər müzakirə edilib.

Sosial 2021-05-05 17:59:00