×
A
A
A
Sazlamalar

İtaliyada yay turizm mövsümünün açılacağı tarix bəlli olub

Bakı, 12 aprel, AZƏRTAC

İtaliyada yay turizm mövsümü iyunun 2-də - Respublika Günündə açıla bilər.
AZƏRTAC İtaliya KİV-lərinə istinadla xəbər verir ki, bunu Turizm naziri Massimo Qaravalya bildirib.
“Bu, daha gec müddətə planlaşdırıla bilməz, əks halda turistlər uğrunda mübarizə digər rəqib-dövlətlərə uduzulacaq”, - deyə Massimo Qaravalya bildirib.
Onun sözlərinə görə, hökumət xarici qonaqların qəbul edilməsi üçün bir sıra şərtləri nəzərdən keçirir. Populyar turizm rayonlarında əhalinin əksər hissəsi vaksinasiya edilməlidir. Bu, prosedur ölkəyə daxil olan səyahətçilər üçün də keçərlidir. Həmçinin onlar müvafiq sertifikat təqdim etməlidir. Bunun alternativi isə koronavirus testinin mənfi nəticələri ola bilər.
“Aprel ayının sonlarında Kapri, İski və Sorrento əhalisinin vaksinasiyasına başlanılacaq. Siciliya və Sardiniya kimi iri adalarda da immunizasiya prosesi keçiriləcək”, - deyə nazir əlavə edib.
Turizm Nazirliyinin planları İtaliyanın Baş naziri Mario Draqi tərəfindən də dəstəklənib. Nazirlər Kabinetinin rəhbəri ölkədəki yay turizm məkanlarının əksəriyyətinin artıq italiyalılar tərəfindən tutulduğunu və xarici turistlərin yoxluğunun əsasən, “incəsənət şəhərlərinə” mənfi təsir göstərdiyini deyib.
İtaliyada məhdudiyyətlər rejimi aprelin 30-dək davam edəcək. Ölkəyə daxil olanlar koronavirus testindən keçməlidir. Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün beş günlük, digər dövlətlərin vətəndaşları üçün isə iki həftəlik karantin qaydaları müəyyənləşdirilib.

Dünya 2021-04-12 15:49:00