×
A
A
A
Sazlamalar

Tarix heç zaman unudulmur, həm də yeni tarix yazılır

Lerik, 31 mart, Bağır Əliyev, AZƏRTAC

Tarix heç zaman unudulmur, həm də yeni tarix yazılır. Müstəqil Azərbaycan Respublikası yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla, bütün problemlərinin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır. Ötən ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində xalqımızın Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsi nəticəsində uzun illər düşmən tapdağında qalan əzəli və tarixi torpaqlarımız azad edildi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər martın 31-də Lerikdə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbirdə səsləndirilib.
Onlayn tədbirdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Şəhla Məmiyeva çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, 1918-ci ilin mart-aprel aylarında rus imperiyasının tapşırığı ilə Bakı Soveti və daşnak erməni silahlı dəstələri Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı törədiblər.
Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi hüquqi qiymət verildi və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Diqqətə çatdırılıb ki, son illər həm dövlətimiz, həm də Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan tədbirlər nəticəsində bir çox dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlar və Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının hakimiyyət orqanları tərəfindən qəbul edilmiş qətnamə və bəyanatlarda Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində qırğın törədilməsi faktı tanınıb. ABŞ-ın bir çox ştatının qanunverici orqanları tərəfindən qəbul edilmiş qətnamələrdə 1918-ci ilin martında minlərlə dinc azərbaycanlının öldürülməsinin insanlıq tarixində ən dəhşətli hadisələrdən olduğu qeyd olunub.

 

Regionlar 2021-03-31 21:22:00