×
A
A
A
Sazlamalar

Vətən müharibəsindəki Qələbə xalqımıza qarşı törədilən bütün faciələrin icraçıları olan ermənilərə verilən layiqli cəza oldu

Bakı, 31 mart, AZƏRTAC
YAP Səbail rayon təşkilatında rayon ictimaiyyətinin nümayəndələri, tarixçi alimlər, gənclər və partiya fəallarının iştirakı ilə 1918-ci il hadisələrinə, 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videokonfrans keçirilib.
YAP Səbail rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, əvvəlcə əzəli düşmənlərimiz olan ermənilər və onların havadarları tərəfindən zaman-zaman Azərbaycan xalqına, türk millətinə qarşı törədilən soyqırımı aktları nəticəsində həlak olmuş bütün soydaşlarımızın əziz və əbədiyaşar xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev, tarixçi alimlər – Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Hidayət Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Xaqani Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, “İdarəedicilər” ərazi ilk partiya təşkilatının sədri professor Elçin Əhmədov, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Adilə Abasova və Milli Məclis Aparatında Sosial qanunvericilik şöbəsinin müdiri, 2 №-li ərazi təşkilatının sədri Adil Vəliyev çıxış ediblər.
103 il əvvəl, 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş, xüsusi qəddarlığı və amansızlığı ilə seçilən soyqırımı cinayətinə ilk dəfə 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən adekvat siyasi qiymətin verildiyini xüsusi vurğulayan professor Şəmsəddin Hacıyev qeyd edib ki, məhz bu tarixdən etibarən 31 mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi anılır, insanlığa qarşı törədilən bu dəhşətli cinayətin qurbanların əziz xatirəsi yad olunur. Bu tarix Azərbaycan xalqı üçün nə qədər kədərli və hüznlü olsa da, xalqımız, türk milləti bu faciəvi hadisədən mühüm dərslər götürüb.
Azərbaycanda və ümumiyyətlə bu coğrafiyada 1918-ci ildə mövcud olan tarixi mənzərə, eləcə də 31 mart soyqırımının səbəbləri və əsas icraçıları haqqında geniş məlumat verən Ş.Hacıyev bildirib ki, Bakıda, Bakı quberniyasının ətrafında, Azərbaycanın müxtəlif bölgələrində, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Şirvanda, İrəvanda, Qubada və digər yerlərdə etnik zəmində yerli türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik silahlı qüvvələri tərəfindən törədilən qanlı cinayətlərin tarixi kökləri üç əsr öncə dünyaya hökmranlıq iddiasında olan Rusiya İmperiyasının Qafqaz bölgəsinə dair siyasi planlarında üzə çıxır. Qədim dövlətçilik ənənəsinə malik Azərbaycanın yerləşdiyi coğrafiyanın geosiyasi mövqeyi tarixən böyük güclərin maraq dairəsinə daxil olub və bu bölgədə türk dünyasını bölmək, parçalamaq üçün süni erməni dövləti yaradılıb. Türk-müsəlman əhalisinə qarşı bu regionda və Azərbaycanda törədilən qanlı qətliamların qarşısının alınmasında minlərlə azərbaycanlı əsgərin də iştirak etdiyi Qafqaz İslam Ordusunun və Nuru paşanın tarixi xidmətlərini xüsusi qeyd edən Ş.Hacıyev vurğulayıb ki, türk ordusu olmasaydı, bəlkə də qırğınların miqyası 2-3 dəfə daha çox olardı.
Təəssüf ki, erməni vandalizminə havadarlıq edən böyük güclər XXI əsrin astanasında - 1992-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı növbəti hərbi cinayətinə və vəhşiliyinə də rəvac verdi. Dünyanın, beynəlxalq iqtisadi və siyasi münasibətlərin tamamilə fərqli keyfiyyət müstəvisində inkişaf etdiyi bir dövrdə dünya ictimaiyyətinin gözü qarşısında insanlıq cinayəti – Xocalı qətliamı törədildi. Zaman-zaman Azərbaycan xalqına qarşı edilən bütün bu cinayətlər ört-basdır edildi, təhrif olundu. Qeyd olundu ki, yalnız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə bütün bu qanlı faciələrə layiqli siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının qan yaddaşı olan bu faciələr haqqında həqiqətlərin və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər nəticəsində mühüm nəticələr əldə olundu.
Ş.Hacıyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbə regionda tamamilə yeni münasibətlər sistemi, qlobal xarakter qazanan yeni geosiyasi düzən formalaşdırıb. Azərbaycanın qüdrətli, müdrik Prezidenti, rəşadətli Ordusu, Vətəninə, tarixinə, milli-mənəvi dəyərlərinə bağlı gəncləri var. Azərbaycan xalqı öz Lideri ətrafında bir yumruq kimi birləşib. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canını fəda edən bütün şəhidlərimizin, xalqımıza qarşı müxtəlif dövrlərdə mənfur düşmənimiz tərəfindən törədilən soyqırımların qurbanları olan bütün soydaşlarımızın ruhları bu gün şaddır. Çünki müasir müstəqil Azərbaycanın gələcəyi parlaqdır və etibarlı əllərdədir.
Sonra çıxış edən professor Hidayət Cəfərov 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün xalqımızın çoxəsrlik tarixində faciəvi tarix, eyni zamanda, cəsarətli mübarizə nümunəsi kimi qiymətləndirərək bildirib ki, 103 il əvvəl Bakıda və Azərbaycanın digər bölgələrində ermənilər tərəfindən törədilən bu dəhşətli qırğınlar tarixçilər tərəfindən Şərqdə Kərbəla müsibəti ilə müqayisə olunur. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il qırğınlarını araşdırmaq istiqamətində fəaliyyəti, yaradılan komissiya və toplanılan tarixi sənədlər, materiallar haqqında danışan H.Cəfərov qeyd edib ki, Sovet İttifaqı sonralar bu faciəni sinfi mübarizə kimi qələmə verməyə çalışsa da, Ulu Öndər tarixi ədaləti bərpa edib. 44 günlük Vətən müharibəsində isə dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyev bütün erməni yalanlarını, miflərini bir daha ifşa edərək, əzəli düşməniz üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın başına gətirilən bütün faciələrin icraçıları olan ermənilər bu qətliamlara görə layiqli cəzalarını aldılar.
1918-ci il Mart qırğınlarını, azərbaycanlılara qarşı törədilən soyqırımını xronoloji ardıcıllıq və tarixi faktlarla təhlil edən professor Xaqani Məmmədov bildirib ki, xalqımız bu hadisələrdən layiqli tarixi dərslər çıxarmalı, bu qətliamların səbəbkarlarını, icraçılarını və erməni havadarlarını yaxşı tanımalı, faciə qurbanlarının əziz xatirəsini əbədi yaşatmalıdır.
Professor Elçin Əhmədov isə ermənilərin Qafqaza və əzəli Azərbaycan torpaqlarına köçürülməsi haqqında danışaraq qeyd edib ki, erməni millətçiləri yerli Azərbaycan, türk-müsəlman əhalisinə qarşı dəfələrlə etnik zəmində qətliamlar törədib, bu insanlıq cinayətlərini təkbaşına yox, havadarları ilə birlikdə icra ediblər. Beynəlxalq təşkilatlar bu gün də erməni vandalizmi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində ermənilər tərəfindən qəsdən məhv edilmək üzrə olan tarixi, mədəni, dini irsimizə qarşı törədilən barbar hərəkətlər, hərbi cinayətlər haqqında susur. Erməni cəmiyyətinin faşist ideologiyası bu gün də davam edir və Azərbaycan xalqı bu məkrli qonşusuna qarşı daim ayıq-sayıq olmalıdır.

Qan yaddaşı 2021-03-31 12:22:00