×
A
A
A
Sazlamalar

Gənclər Kitabxanasında 31 mart -Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan xalqının yaddaşına 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olub. 31 mart tarixi XX əsrin ən qanlı, amansız faciələrindən birinin yaşandığı gündür. Hər il ürək ağrısı ilə qeyd etdiyimiz bu tarix bu il şəhidlərimizin qisasının alındığı, arzularının yerinə yetdiyi, düşmən üzərində qazandığımız qalibiyyət və zəfər təntənəmizlə anılacaq.
Artıq tarixə çevrilən 31 mart hadisələrindən ötən illər ərzində tariximizin ən qanlı qəhrəmanlıq səhifəsi haqqında həqiqətləri gələcək nəsillərə çatdırmaq üçün çoxsaylı tarixi, siyasi, elmi, publisistik və bədii əsərlər yazılıb, müxtəlif növ sənət əsərləri yaradılıb.
Gənc nəslin vətənpərvərlik tərbiyəsində yaxından iştirak edən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 31 mart -Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində silsilə materiallar hazırlayıb.
AZƏRTAC xəbər verir ki, materiallar arasında oxuculara Azərbaycan və rus dillərində virtual kitab və fotosərgilər, müxtəlif videoçarxlar təqdim olunub.
Kitabxananın əməkdaşları tərəfindən hazırlanan və 31 mart -Azərbaycanlıların Soyqırımı Gününün rus dilli istifadəçi kütləsi arasındakı təbliğinə yönləndirilmiş videoçarxda soyqırımın bütün hadisələri ardıcıllıqla əks etdirilir. Videoçarxda soyqırımı nəticəsində qadın və uşaqlar daxil olmaqla 20 minə yaxın insanın qətlə yetirilməsi işıqlandırılıb.
Hazırlanan materialda, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdiyi qeyd edilib. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart-Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Videoçarxda sözügedən dəhşətli faciəyə həsr olunan müxtəlif dillərdə çap edilən kitablar da nümayiş etdirilib. Videomaterialda o günlərin fotoxronikasına da yer ayrılıb.
Bundan əlavə kitabxana əməkdaşları 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar özündə geniş məlumatları cəmləyən virtual kitab və fotosərgilər, bir sıra tanıtım videoçarxları da hazırlayıb.
“İnsanlığa qarşı amansız cinayət - 31 Mart Soyqırımı” adlı virtual kitab sərgisində ağlasığmaz qəddarlığı ilə seçilən bu soyqırımı haqqında məlumatlar, tarixi faktlar, statistik rəqəmlər təqdim olunub. Virtual kitab sərgisində 31 mart soyqırımı haqqında çap olunan 10-dan çox kitab haqqında məlumat verilib, bu mövzuda çəkilən filmlərin posterləri izləyicillərə təqdim edilib.
Bütün sözügedən materiallar kitabxananın sosial şəbəkələrində yerləşdirilib.

Qan yaddaşı 2021-03-31 12:04:00